
Yerusəlimdə bir şəxsin avtomobili sərnişin dayanacağına çırpması nəticəsində 2 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Hadisə Yerusəlimin Ramot məhəlləsi yaxınlığında qeydə alınıb.
Bildirilib ki, Yerusəlimin İsaviyyə məhəlləsinin 31 yaşlı sakini Hüseyn Karaka avtomobilini Ramot məhəlləsinin girişindəki dayanacağa çırpıb və hadisə nəticəsində 6 yaşlı uşaq və 20 yaşlarında bir gənc ölüb, 5 nəfər yaralanıb.
Hadisəni terror aktı adlandıran Baş nazir Benyamin Netanyahu hücumdan qısa müddət sonra sürücü Hüseyn Karakanın evini möhürləmək və sökmək göstərişi verib.
O, həlak olanların ailələrinə başsağlığı verib.
“Təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsini apardım və təhlükəsizlik qüvvələrinin gücləndirilməsini, həbslərin həyata keçirilməsini və terrorçunun evini möhürləmək və onu sökmək üçün dərhal hərəkətə keçmək barədə göstəriş verdim. Bizim terrora cavabımız bütün gücümüzlə ona zərbə vurmaq və ölkəmizə nəzarətimizi daha da dərinləşdirməkdir”, – Netanyahu bildirib.