Tanınmış alim, Türkiyənin Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü, professor Novruz Allahverdi dünyasını dəyişib.
Modern.az xəbər verir ki, çoxsaylı elmi araşdırmaların və monoqrafiyaların müəllifi olan Novruz Allahverdi 9 may 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlib. 1955-1963-cü illərdə Qaradağlı 8 illik məktəbində oxuyub, 1966-cı ildə Ağdam 1 nömrəli orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) “Riyazi-həlledici cihazlar və qurğular” (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil alıb (1966-1971), işləmək üçün institutda saxlanılıb.
1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında oxuyub, “Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi” mövzusunda dissertasiya müdafiə edərək, 1979-cu ildə texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışıb.
1992-ci ildən Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015) işləyib. Sonuncu iş yeri KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdiri vəzifəsi olub.
Tanınmış alim öz vəsiyyətinə uyğun yaşadığı Konya şəhərində “Yazır” qəbrstanlğında torpağa tapşırılıb.
Tələbəsi olmuş Fahrettin Horasan müəllimi haqqında bu fikirlər qeyd etməyi özünə borc bilib:
“Müəllimlərin müəllimi, həmişə beynimdə öz gözəl təkrarsız dili ilə verdiyi dərslər, insanı incitməyən danışıq tərzi… O, əsl alim idi. Onun mühazirələrini həmişə maraqla dinləyirdim. Mən onu həqiqətən sevdim. Həmişə deyərdim ki, get gör. Öyrəndim ki, müəllimim Novruz Allahverdi dünyasını dəyişib. Cənab, ümid edirəm ki, siz həmişə öz təlimlərinizlə, elmə və bəşəriyyətə verdiyiniz töhfələrlə burada olacaqsınız. Mən sizin tələbəniz olmaqdan xoşbəxtəm”.
Allah rəhmət eləsin.