Almaniya xarici işlər naziri Annalena Baerbock ilə daxili işlər naziri Nancy Faeser Türkiyədə baş vermiş zəlzələnin episentri olan Kahramanmaraş şəhərinin Pazarcık rayonuna səfər edib, oradakı vəziyyətlə tanış olublar.
Modern.az xəbər verir ki, Pazarcık Atatürk Parkındakı çadır şəhərciyini ziyarət edən Baerbock ve Faeserə bölgədəki vəziyyətlə bağlı məlumat verilib
Nazirlər çadır şəhərciyindəki vətəndaşlarla görüşüblər.
XİN başçısı Annalena Baerbock jurnalistlərə açıqlamasında bildirib ki, fəlakətin miqyasını sözlə ifadə etmək mümkün deyil:
“Burada olsanız belə, zəlzələ fəlakətinin miqyasını sözlə ifadə etməyiniz mümkün deyil. Dünən də zəlzələ olub. İnsanlar maşınlarda gecələməli olublar. Zəlzələni biz də hiss etdik”.
Nazir, həmçinin beynəlxalq yardımın əhəmiyyətini dilə gətirib: “Beynəlxalq yardımın əhəmiyyəti böyükdür. Çadır, tibbi ləvazimat, qida yardımı, adyal və generatorlar üçün 50 milyon avro əlavə yardım göndərdik. Beləliklə, Almaniyanın zəlzələdən zərərçəkmişlərə yardımı 108 milyon avroya çatıb”.
Almaniya daxili işlər naziri isə yardımın davamlı olmasının vacibliyini diqqətə çatdırıb:
“Almaniya vətəndaşları könüllü yardımlar edirlər. Bu, həqiqətən, Almaniyadakı insanlarla Türkiyədəki insanlar arasındakı dərin bağlılığı göstərir. Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün yardımlar davam etməlidir. Federal Texniki Yardım Qurumu başqa yardımlar planlaşdırır”.