Qlazqoda “Azərbaycan Cəmiyyəti” təsis edilib

Şotlandiyanın Qlazqo və Stratklayd (Strathclyde) universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə “Azərbaycan Cəmiyyəti” yaradılıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, təsis konfransını giriş sözü ilə açan cəmiyyətin sədri Ləman Əliyeva bildirib ki, Qlazqo şəhərində azərbaycanlı tələbələrin sayının çox olması belə təşkilatın yaradılmasını zəruri edib. Başlıca məqsəd azərbaycanlı tələbələri bir araya gətirmək, vətənimizi yerli ictimaiyyətə tanıtmaq, bu istiqamətdə layihələrin və tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Sonra Azərbaycan haqqında geniş təqdimat nümayiş etdirilib. Ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələri, milli mətbəxi və füsunkar təbiəti barədə ətraflı məlumat verilib.

Tədbirin bədii hissəsində Azərbaycan rəqsləri, xüsusilə də birlik və həmrəylik rəmzi olan “Yallı” rəqsi təqdim olunub, milli musiqilərimiz səsləndirilib.

Mənbə

Share: