“Putinin qorxaq və ehtiraslı torpaq və hakimiyyət istəyi iflasa uğrayacaq…”

“Dünyada iradə sözündən şirin söz, azadlıqdan güclü istək ola bilməz…”

 

“Kiyev bu müharibədə qalib gələcək, Rusiya isə rüsvayçılıqla Ukrayna torpağını tərk etməli olacaq…”

 

“Kiyev ayaqdadır və həmişəkindən daha güclü, qürurlu və azaddır…”

 

“Heç kimin şübhəsi olmasın: bizim Ukraynaya dəstəyimiz sarsılmazdır, NATO parçalanmayacaq, biz yorulmayacağıq…”

 

ABŞ prezidenti Co Bayden fevralın 21-də Polşadya səfər edərək, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləsinin ildönümünə hərs edilən nitqlə çıxış edib.

 

Moderator.az xəbər verir ki, Baydenin çıxışını “Amerikanın səsi” birbaşa yayımlayıb.

 

Bayden öz nitqini Varşavada Kral qəsrinin ərazisində edib. Bu zaman səhnədə ABŞ, Polşa və Ukraynanın bayraqları olub.

 

“Bir il öncə dünya Kiyevin süqutuna hazırlaşıb. Mən yenicə Kiyevdə olmuşam və sizə məlumat verməliyəm: Kiyev ayaq üstədir və həmişəkindən daha güclüdür. Kiyev qürurludur və ən başlıcası azaddır”, – Bayden müraciətində deyib.

 

Amerika prezidentinin sözlərinə görə, Rusiya Ukraynaya müdaxilə edəndə dünya çağırışla üzləşib.

 

“Amerika, NATO, bütöv demokratiya çağırışla üzləşib. Və bu çağırış sadə sualdadır: biz necə cavab verməliyik? Biz güclü və ya zəif olacağıq? Budur, bir ildən sonra biz bunun cavabını bilirik: biz güclüyük, yekdilik və başqa cür ola da bilməz”, – Bayden vurğulayıb.

 

ABŞ prezidenti həmçinin əlavə edib ki, Putin tanklarını Ukraynaya göndərməklə yanılıb.

 

“O, bilməyib ki, ukraynalılar belə cəsarətli, Avropa və Atlantika belə yekdil olacaq və ona müqavimət göstərəcək. Və biz Rusiya tanklarının necə yandığını gördük. O, hesab edib ki, NATO-nu “finlandiyalaşdıra” biləcək, amma əslində o, Finlandiya və İsveçin NATO-laşdırılmasına nail olub. O, NATO-nu parçalamaq istəyib, amma NATO indi həmişəkindən daha sıx birləşib”, – o, deyib.

 

O, bəyan edib ki, 2022-ci ildə Rusiya təkcə Ukraynaya hücum etməyib, “bütün demokratiya təhlükə altına düşüb”.

 

Bayden əmin edib ki, Qərb ölkələri Ukraynaya tələb olunduğu qədər dəstək verəcək.

 

“Heç kimin şübhəsi olmasın. Bizim Ukraynaya dəstəyimiz sarsılmazdır, NATO parçalanmayacaq, biz yorulmayacağıq. Putinin qorxaq və ehtiraslı torpaq və hakimiyyət istəyi iflasa uğrayacaq, Ukrayna xalqının öz ölkəsinə sevgisi qələbə qazanacaq”, – ABŞ prezidenti deyib.

 

“Hazırda tarixin dönüş məqamıdır və o, gələcəyi onilliklər ərzində müəyyən edəcək”

 

Bayden vurğulayıb ki, insanların “əbədi prinsiplərini” qorumaq lazımdır.

 

Rusiyanın Ukraynaya qarşl tammiqyaslı hərbi müdaxiləsinin bir ili ərzində dünyada buna müqavimət göstərilməsi üçün ölkələr koalisiyası yaranıb.

 

“Ötən il ərzində ABŞ müttəfiqləri ilə birləşərək Rusiya təcavüzünə qarşə fövqəladə koalisiya yaradıb. Söhbət bizim nəyin əleyhinə getməyimizdən deyil, nə uğrunda çıxış etməyimizdən gedir. Bu koalisiya təhlükəsizliyi, hamı üçün ləyaqəti təmin etməlidir. Mən hesab edirəm ki, hazırda tarixin dönüş məqamıdır və bu, gələcəyi onilliklərlə müəyyən edəcəkdir”, – o, deyib.

 

ABŞ prezidenti vurğulayıb ki, bəşəriyyətin “əbədi prinsipləri” var və onları qorumaq lazımdır.

 

“Bu, ümidlə qorxu, azadlıqla köləlik, məhdudiyətlərlə imkanlar arasında seçimdir. İnsanlar azad olanda imkanlar da meydana çıxacaq. “İradə” sözündən şirin söz yoxdur, azadlıqdan güclü istək yoxdur. Amerika bunun üzərində bərqərar olub”, – Bayden izah edib.

 

“Qərbin Rusiya Federasiyası xalqına hücum etmək niyyəti yoxdur”

 

Əgər Rusiya təcavüzü  dayandırarsa, müharibə bitəcək. Qərb ölkələrinin Rusiya xalqına hücum etmək və bu dövləti məhv etmək barədə heç bir planları yoxdur.

 

“Mən bu gün yenidən Rusiya xalqına müraciət edirəm. ABŞ və Avropa dövlətləri Rusiyanı məhv etmək niyyətində deyil, Qərbin Rusiya xalqına hücum etmək niyyəti yoxdur. Milyonlarla rusiyalı sülh şəraitində yaşamaq istəyir, onlar bizim düşmənlərimiz deyil. Bu, faciədir və seçimi Putin edib. Və bu müharibənin hər günü də onun seçimidir”, – Bayden vurğulayıb.

 

ABŞ prezidenti əlavə edib ki, Putin bircə sözlə müharibəyə son verə bilər.

 

“Əgər Rusiya Ukraynaya qarşı təcavüzünü dayandırarsa, müharibə bitəcək. Əgər Ukrayna özünü müdafiə etməyi dayandırarsa, bu, Ukraynanın sonu olacaq. Ona görə də biz birgə səylərimizlə Ukraynaya özünü müdafiə etməkdə kömək göstəririk”, – o, qeyd edib.

 

“Rusiya çox yaxşı bilir ki, ABŞ üçün NATO üzvünə hücum bütün Alyansa hücum hesab ediləcək”

 

ABŞ prezidenti deyib ki, NATO “dünya tarixində ən güclü alyansdır”. “Qoy heç kimdə şübhə olmasın: Birləşmiş Ştatlar üçün 5-ci maddəyə və bizim Alyansa sədaqətimiz sarsılmazdır. Rusiya bunu çox yaxşı blir, bunu hamı bilir. Bir ölkəyə hücum hamıya hücum deməkdir. Bu, NATO ərazisinin hər qarışını müdafiə etmək barədə müqəddəs andımızdır”, – Bayden deyib.

 

“Ukrayna heç vaxt Rusiyanın qurbanı olmayacaq”

 

İmperiyanı dirçəltməyə can atan diktator xalqın azadlıq eşqinə heç vaxt qalib gələ bilməyəcək.

 

“Putinin yeni torpaq əldə etmək istəyi iflasa uğrayacaq, Ukrayna xalqının tab gətirmək və azad olmaq arzusu qalib gələcək. Bu gün azadlığın taleyi həll edilir. Bu çağırışla mən dünən Kiyevə gəlib ukraynalılara bunu çatdırmaq istədim”, – Bayden deyib.

 

ABŞ prezidenti xatırladıb ki, Ukrayna prezidenti dekabrda ABŞ-a gələndə deyib ki, dünya birliyi indi uşaqların həyatını təkcə Ukraynada deyil, bütün dünyada müəyyən edir.

 

“Bu gün biz bilirik ki, Polşa xalqı, Avropanın digər ölkələri anlayır ki, təcavüzkarı təmin etmək, onun hakimiyyət ehtiraslarını təmin etmək mümkün deyil. Biz bunlara yox deyirik. Yox, siz mənim ölkəmi zəbt edə bilməyəcəksiniz, azadlığımı əlimdən ala bilməyəcəksiniz, gələcəyimi əlimdən ala bilməyəcəksiniz. İmperiyanı dirçəltmək istəyən diktator heç vaxt xalqın azadlıq eşqinə qalib gələ bilməyəcək, Ukrayna heç vaxt Rusiyanın qurbanı olmayacaq”, – ABŞ prezidenti vurğulayıb.

 

“Rusiyalı əsgərlər bəşəriyyətə qarşı cinayətlər törədir”

 

Rusiyalı hərbçiər Ukraynaya qarşı müharibədə inanılmaz qəddarlıq nümayiş etdirir.

 

“Bu gün biz rusiyalı əsgərlərin inanılmaz qəddarlığını xatırladırıq. Onlar bəşəriyyətə qarşı cinayətlər törədir. Utanmadan, çəkinmədən bunu edir. Onlar mülki əhaliyə zərbələr endirir, zorlayır, Ukrayna uşaqlarını oğurlayır, Ukraynanı gələcəyindən məhrum etməyə cəhd edir, vağzallara, məktəblərə, xəstəxanalara, yetim sığınacaqlarına bomba zərbələri yağdırır”, – ABŞ prezidenti qeyd edib.

 

O, vurğulayıb ki, heç kim Rusiyanın Ukrayna xalqına qarşı törətdiyi vəhşiliklərdən üz döndərə bilməz.

 

“Ukrayna xalqının, bütün dünyanın da cavabı inanılmazdır. Ukrayna ərazisinə bombalar yağdırıldığı və ərazisinə Rusiya tanklarını soxulduğu gündən bir il ötür, amma Ukrayna əvvəlkitək müstəqil və azaddır. Xersondan Xarkovadək ukraynalılar döyüşərək öz ərazilərini geri qaytarır. Rusiyanın zəbt etdiyi ərazilərin 50 faizi üzərində sarı-mavi bayraq ucalır”, – Bayden əlavə edib.

 

Bayden qarşısında çıxış edən Polşa prezidenti Anjey Duda ABŞ prezidentinin Kiyevə səfərini Ukraynaya dəstəyin “heyrətamiz jesti” adlandırıb.

 

“O, öz ayağını müharibə tüğyan edən Ukrayna torpağına basıb. O, azad dünyanın və onun liderlərinin heç nədən qorxmadığını nümayiş etdirib, – Duda Bayden barəsində deyib. – O, Ukraynanın tənha olmadığını, onu dünyanın ən qüdrətli dövlətinin və dünyanın ən güclü silahlı qüvvələrinin dəstək verdiyini göstərib”.

 

Duda əmin olduğunu bildirib ki, Kiyev bu müharibədə qalib gələcək, Rusiya isə rüsvayçılıqla Ukrayna torpağını tərk etməli olacaq”.

Mənbə

Share: