Son iki həftə ərzində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Birləşmiş Tanzaniya Respublikasının Rusiyadakı səfiri Fredrik İbrahim Kibutanı, İraq Respublikasının Rusiyadakı səfiri Kaxtan Taxa Xələf Cənabini, Tailand Krallığının Rusiyadakı səfiri Sasivat Vonqsinsavatı və bu gün, fevralın 23-də Amerika Birləşmiş Ştatlarının Rusiyadakı Səfiri Linn Treysini onların xahişi ilə qəbul edib.
Azərbaycanın Rusiyadakı səfirliyindən Modern.az-a verilən məlumata görə, amerikalı həmkarı ilə görüşdə səfir Polad Bülbüloğlu qonağı salamlayaraq, ilk öncə, onu Moskvaya təyinatı münasibəti ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.
Qəbula görə təşəkkürünü bildirən Linn Treysi 2022-ci ildə Azərbaycana səfərini xatırlayıb, Prezident İlham Əliyevlə görüşün ona olduqca müsbət təsir bağışladığını deyib və ölkəmizin qonaqpərvərliyi haqqında xoş təəssüratları ilə bölüşüb. O vurğulayıb ki, ABŞ Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunmasında, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin tezliklə normallaşmasında maraqlıdır. Polad Bülbüloğlu Azərbaycan-ABŞ münasibətlərinə toxunaraq, ölkəmizin ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb və Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, uzun illər aparılmış və heç 2 bir fayda verməyən danışıqlar prosesi, münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyətindən bəhs edərək, Prezident İlham Əliyevin uzun illər ərzində münaqişəni sülh yolu ilə həlli üçün çalışdığını, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən ölkəmizin məcbur olaraq cavab addımları atdığını söyləyib. Vətən müharibəsində Qələbə haqqında danışan Səfirimiz, yeni nəsil gənclərimizin son dərəcə vətənpərvər olduqlarını, öz torpaqları naminə vuruşduqlarını, Azərbaycan ordusunda bir nəfər də fərari olmadığını vurğulayıb. 30 illik işğaldan, ağır müharibədən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə məhz Azərbaycan sülh müqaviləsinin imzalanmasını Ermənistana təklif edib. Qarşılıqlı anlaşma və xoş şəraitdə keçirilmiş görüşdə regionda baş verən digər proseslər və maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xanım Linn Treysi Azərbaycanın İrandakı Səfirliyinə edilmiş hücumu pisləyərək Azərbaycan tərəfinə başsağlığı verib. İki səfirlik arasında qarşılıqlı münasibətlərin qurulmasında maraqlı olduğunu deyən xanım səfir, gələcəkdə də belə görüşlərin keçirilməsinin önəmini qeyd edib. Sonda qonağa Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.