
Türkiyə və Azərbaycan arasında sıx münasibətlər səbəbindən iki ölkənin konfederasiya tipli dövlətdə birləşməsi ideyası zaman-zaman gündəmə gəlir. Türkiyədə baş verən zəlzələdən sonra bu məsələ yenidən sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.
Belə ki, zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Türkiyəyə ən böyük yardımı məhz Azərbaycan edib. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin 700-dən çox əməkdaşı Türkiyənin zəlzələ bölgəsində başladılan axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub. Dövlətin yardımları ilə yanaşı, Azərbaycan vətəndaşları da Türkiyəyə yardım məqsədilə kampaniyalar təşkil edərək, qardaş ölkəyə dəstək göstəriblər.
Ən çətin günlərdə belə Azərbaycan və Türkiyənin həmrəylik nümayiş etdirməsi iki ölkənin konfederasiyada birləşməsi təkliflərini aktuallaşdırıb.
Məlumat üçün bildirək ki, konfederasiya tipli dövlət formasında müstəqil dövlətlər hüquqi anlaşma əsasında vahid ittifaq çərçivəsində birləşirlər. İttifaqa daxil olan subyektlər nisbi suverenliyə malik olur və nəzəri-formal-hüquqi əsasda özünün siyasi müstəqilliyini, konstitusiyasını, silahlı qüvvələrini, maliyyə və hüquq sistemini qoruyub saxlayır. Konfederasiyalarla bağlı səsləndirilən tənqidlərdən biri budur ki, ittifaqa daxil olan dövlətlər arasında bir çox məsələlər razılaşdırılmamış və həll edilməmiş qalır. Daha çox ümumi məsələlər – müharibə və sülh məsələsi, xarici siyasət kursu, vahid ordunun, milli maliyyə və hüquq sisteminin formalaşması məsələləri birgə razılaşdırılır.
Bugünkü federasiya tipli dövlətlər bir zamanların konfederasiya idarəetmə sisteminə malik olub. Məsələn, İsveçrə 1848-ci ilədək konfederasiya dövlət quruluşunda olub, hazırda isə federasiyadır. Federasiya idarəetmə formasına malik olan ABŞ 1776-cı ildən 1787-ci ilə, Almaniya isə 1870-ci ilədək konfederasiya olub.
Bəs Azərbaycanda Türkiyə ilə konfederasiyanın yaradılmasını ideyasına münasibət necədir?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, kənardan cəlbedici görünsə də, konfederasiyanın çox sərt qaydaları var:
“Konfederasiya olduqda hər iki dövlət bir xarici siyasətdən çıxış edir. İki ölkə dünyada bir səslə çıxış edir. İndiki dövrdə Azərbaycanla Türkiyə əlaqələri konfederasiyadan daha üstündür. Türkiyədəki zəlzələ fəlakəti də göstərdi ki, nəinki dövlətlər, eyni zamanda sadə insanlar da öz köməyini göstərə bilir. Belə də biz dünyada iki səsik. Bir sıra məsələlərdə həm Türkiyə, həm Azərbaycan birgə maraqları naminə sərbəst hərəkət edir. Ona görə də, mən yaxşı münasibətlərin dərinləşməsi ilə dövlətlərimizin müstəqilliyinin qorunub saxlanması ilə birgə fəaliyyət göstərməsinin tərəfdarıyam”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə iki ölkə arasında konfederasiyanın tərəfdarı olduğunu bildirib:
“Sonuncu prezident seçkilərində namizəd olanda öz platformama məhz Türkiyə ilə Azərbaycan arasında konfederasiyanın yaradılmasını vacib məsələ kimi daxil etmişdim. Konfederasiya adətən xarici və hərbi siyasətin bilavasitə əlaqələndirilmisini tələb edir. İki müstəqil dövlət bütün atributlarını saxlayırlar. Sadəcə olaraq vahid ordu və Xarici İşlər Nazirliyi olur”.
Müxalif siyasətçinin sözlərinə görə, indiki vəziyyətdə faktiki olaraq Azərbaycan və Türkiyənin federasiyada birləşməsi mümkün ola bilər:
“Şuşa bəyannaməsinə əsasən, hər iki ölkə federativ dövlət yaratmaq həddinə gəlib çıxmalıdır. Bəyannamədə bütün sahələr üzrə fəaliyyətlərin əlaqələndirilməsindən söhbət gedir. Düşünürəm ki, Azərbaycan-Türkiyə arasında fedarasiyanın yaradılması müəyyən problemlərlə bağlı olur. Ancaq konfederativ əlaqələri yaratmaq realdır və vacibdir”.
Partiya sədri konfederasiya üçün yalnız bir addımın atılmasına ehtiyac olduğunu bildirib:
“Türkiyə ordusunun generalı Azərbaycanda xidmətə cəlb olunursa, iki ölkənin ordusu birgə təlimlərdə iştirak edirsə, bu, artıq hərbi fəaliyyətlərin əlaqələndirilməsi deməkdir. Bircə xarici siyasətimizin əlaqələndirilməsi məsələsi var. Hər iki ölkənin siyasətini yürüdəcək tək Xarici İşlər Nazirliyinin yaradılması addımı qalıb. Avropada bir çox ölkələr müəyyən tarixlərdə bu cür konfederativ əlaqələr yaradıblar. Konfederativ əlaqələr iki qardaş, dost ölkələr arasında ittifaqın formalarından biridir. Azərbaycan-Türkiyə arasında çoxdan belə əlaqə qurulmalı idi. Hətta, mən belə əlaqənin qurulmasına dəstək vermələri üçün Rəcəb Tayyib Ərdoğanla Dövlət Baxçalıya da müraciət etmişdim”.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin fikrinə görə, hələki konfederativ əlaqənin qurulması mümkün deyil:
“Türkiyə ilə Azərbaycanın konfederativ dövlət kimi birləşməsini əlbəttə normal qarşılayıram. Bu nə vaxtsa baş tuta bilər. Biz Ermənistanla sülh müqaviləsi bağlamalı, aramızda olan müəyyən məsələləri həll etməliyik. Üstəlik qarşıda vahid Azərbaycan problemi var. İranın milli əlamətlər üzrə parçalanması, güneyin quzeyə birləşdirməsi kimi məsələlər var. Qərb Azərbaycanla bağlı məsələ də önəmlidir. Bu məsələlər öz həllini tapmamış konfederasiya barədə danışmaq tezdir”.
Sabiq dövlət müşavini, politoloq Qabil Hüseynli Azərbaycanla Türkiyə arasındakı mövcud münasibətlərin konfederativ duruma yaxın olduğunu söyləyib.
“Dünyada konfederativ idarəçilik forması dəfələrlə təcrübədən keçirilib. Ancaq praktikada uğur qazana bilməyib. Vaxtilə Suriya ilə Misir, Misirlə İordaniya arasında belə əlaqə yaradılsa da, heç biri uğur qazanmadı. Onsuz da Azərbaycanla Türkiyə arasındakı münasibətlər müttəfiqlikdən də yuxarı səviyyədədir. Konfederasiyada sözügedən dövlətlər xarici siyasətdə, müdafiə məsələlərində ortaq mövqedən çıxış etməlidir. Hazırda bu da var. Azərbaycanla Türkiyə arasındakı münasibətlər konfederativ duruma xeyli yaxındır. Hər iki ölkə müstəqil olsa da, onlar bütün məsələlərdə məsləhətləşərək birgə mövqedən çıxış edirlər”, – politoloq vurğulayıb.