10 böyük şəhərin bələdiyyə başçısı təcili Kılıçdaroğlunun qəbuluna gəldi

10 böyük şəhərin bələdiyyə başçısı təcili Kılıçdaroğlunun qəbuluna gəldi

İYİ Partiyanın sədri Meral Akşenerin dünənki mesajı Türkiyə siyasətinin müxalifət cəbhəsində çalxalanmaya səbəb olub. Onun müxalifətin “6-lı masa”sını “notarius masası”na çevrildiyini söyləməsi və bu siyasi bloku tərk etməsi geniş müzakirələrə səbəb olub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan 10 böyük şəhərin bələdiyyə sədri bu gün səhər partiya mərkəzinə gəlib.

CHP-nin böyük şəhər bələdiyyə başçıları yerli vaxtla saat 13.00-da başlayacaq Mərkəzi İdarə Heyətinin növbədənkənar toplantısı öncəsi sədr Kamal Kılıçdaroğlu ilə görüşüb.

Eskişehir Böyükşəhər Bələdiyyə başçısı Yılmaz Büyükerşen partiyaya gəlişi ilə bağlı jurnalistlərə açıqlamasında “nə deyəcəyimizi bilirik. Biz sədrimizi dəstəkləyirik. Fikrimizdə zərrə qədər də dəyişiklik olmadı. Demokratiya yolunda mübarizəmizi davam etdirəcəyik” deyib.

“İYİ Partiya sədri Akşener “6-lı masa”dan ayrıldığını açıqladı, bunu necə qiymətləndirirsiniz” sualına Büyükerşen “bəxtsizlik” cavabını verib.
 

Tekirdağ Böyükşəhər Bələdiyyə başçısı Kadir Albayrak da “hörmətli sədrimizlə görüşəcəyik. Əvvəldən ortaq qərar vermişik. Prezidentliyə namizədimiz hörmətli Kamal Kılıçdaroğlu olacaq. Ona bu gün tam dəstək verəcəyik. İnanıram ki, nəticə istədiyimiz kimi olacaq, hər şey çox gözəl  olacaq”.

Kadir Albayrak Meral Akşenerin açıqlamalarını necə qiymətləndirdiyini soruşduqda, “mən anlaya bilmədim, “Əkrəm bəyi və Mansur bəyi vəzifəyə dəvət edirəm” deyib. Mənə görə, onun bəyanatı çox yanlış və düşündürücüdür. Düşünürəm ki, bugünkü təmaslardan sonra bəzi şeylər daha aydın olacaq”.

CHP sədri Kamal Kılıçdaroğlu ilə toplantıya İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlu, Ankara Böyükşəhər Bələdiyyə başçısı Mansur Yavaş, İzmir Böyükşəhər Bələdiyyə başçısı Tunç Soyer, Adana Böyükşəhər Bələdiyyə Bbaşçısı Zeydan Karalar, Mersin Böyükşəhər Bələdiyyə başçısı Vahap Seçer, Tekirdağ Böyükşəhər Bələdiyyə başçısı Kadir Albayrak, Eskişehir Böyükşəhər Bələdiyyə başçısı Yılmaz Büyükersen, Antalya Böyükşəhər Bələdiyyə başçısı Muhiddin Böcek, Muğla Böyükşəhər Bələdiyyə başçısı Osman Gürün, Aydın Böyükşəhər Bələdiyyə başçısı Özlem Çerçioğlu qatılıb.

Hatay Böyükşəhər Bələdiyyə başçısı Lütfü Savaş zəlzələdən sonra bölgədə aparılan işlərə görə toplantıya qatıla bilməyib.

A.Qorxmaz

Mənbə

Share: