Son təxribat kimin sifarişidir və məqsəd nədir

Son təxribat kimin sifarişidir və məqsəd nədir

Ötən gün Azərbaycan Ordusuna Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə daşınması baradə operativ məlumatlar daxil olub.

 
Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində Ordumuzun 2 hərbi qulluqçusu şəhid olub. Düşmən tərəfdən isə 3 təxribatçı məhv edilib, biri ağır yaralanıb.

 

Ermənilərin son təxribatları barədə Modern.az-a danışan ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Ermənistan belə addımlar ataraq beynəlxalq oyunçuların diqqətini çəkməyə çalışır.

 

O fikirlərini belə əsaslandırıb: “Əslində bu cür təxribatlar gözləniləndir. Ermənistanın daxilində və xaricində olan qüvvələrin təxribatçı addımlar atması istisna olunmurdu. Onlar gərginlik yaradaraq beynəlxalq fiqurların bölgəyə gəlməsini və bu məsələnin qloballaşdırılmasını istəyirlər. Müəyyən qüvvələr Ermənistanı öz maraqları üçün istifadə edir. Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi tez-tez həmin bölgələrdə olur. Təbii ki, bu, təsadüf deyil, çünki biz hər an ermənilərdən təxribat gözləyirik. Ötən gün keçirilən əməliyyat silah daşınmasının qarşısını almaq üçün idi. Bütün yollar Azərbaycanın müvafiq qurumları tərəfindən nəzarət altında saxlanılır. Havanın isinməsi ilə bəzi yollar artıq işlək vəziyyətə gəlib. Ordumuz daxil olan məlumatı dəqiqləşdirmək üçün həmin əraziyə gedib və həqiqətən də silahların daşındığını görüblər”, – deyə polkovnik bildirib. 

 

 

Onun sözlərinə görə, təxribatları göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Qarabağda və bölgədə gərginliyin artması üçün əlindən gələni edir:

 

“Bundan əvvəl də bəzi məlumatlar var idi ki, erməni silahlı dəstələri rus sülhməramlılarının gözü önündə mövqelərini gücləndirir. Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, 10 noyabr sazişinin 4-cü bəndi yerinə yetirilməyib. Erməni silahlı dəstələri hələ də Qarabağda qalaraq oraya qayıdacaq vətəndaşlarımız üçün təhlükə mənbəyi təşkil edir. Qarabağda törədilən təxribatlar vəziyyəti gərginləşdirmək istəyən qüvvələrin sifarişidir. Yəni ermənilər havadarları olmadan bu cür addımlar ata bilməzlər. Bəyanatın 4-cü bəndi yerinə yetirilməyənə qədər bu cür insidentlərə hazır olmalıyıq”.

 
Ş.Ramaldanov söyləyib ki, ötən gün baş verən hadisədən sonra Azərbaycan Ordusunun antiterror əməliyyatı keçirməsi yenidən gündəmə gələ bilər:

 

“Ordumuz verilən tapşırıqların hər birini yerinə yetirmək qüvvəsindədir. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, Ermənistan rəhbərliyi yenidən bizə qarşı addımlar atarsa, ordumuz adekvat addımlar atacaq. Mən düşünürəm ki, həmin addımlardan biri də məhz ötən gün baş verənlərdir. Məhz bu səbəbdən Silahlı Qüvvələrimiz silahlı dəstələrə qarşı adekvat tədbirlər gördü. Təbii ki, burada rus sülhməramlılarının da günahı var. Necə olur ki, Rusiya sülhməramlılarının cavabdeh olduğu ərazidən ermənilər silah-sursat daşıyır. Onlar bunun qarşısını almaq üçün addım atmırsa, deməli, dolayı yolla bu hadisənin bir iştirakçısı olublar”. 

 

Ekspertin fikrincə, Qarabağdakı erməni silahlı dəstələri birbaşa olaraq Ermənistan Müdafiə Nazirliyi tərəfindən idarə olunur:

 

“Həmin qurum tərəfindən onlar maliyyələşdirilir və silahlandırılır. Ermənistan 44 günlük müharibədə məğlub olsa da, Qarabağda olan separatçılara hələ də öz dəstəyini göstərir. Bu da təbii ki, gələcəkdə hansısa təxribatın olmasına gətirib çıxarır. Hazırda Azərbycan dövləti mövcud vəziyyəti analiz etdikdən sonra Ermənistan rəhbərliyinə vaxt verəcək. Əgər 10 noyabr sazişinin 4-cü bəndi o vaxta qədər yerinə yetirilməsə, ordumuz antiterror əməliyyatına başlayacaq. Bunu həyata keçirmək üçün əlimizdə əsas var. Azərbaycan ərazisində silahlı dəstələr tərksilah edilməyib və bu, bizim üçün böyük təhlükədir. Biz Laçın dəhlizi və digər yollara nəzarət edirik. Həmçinin, ekoaktivistlərimiz də Laçın-Xankəndi yolunda aksiya keçirərək oradan qanunsuz yüklərin daşınmasının qarşısını alır. Ötən gün baş verənlərdən sonra nəzarət-buraxılış məntəqəsinin yaradılması məsələsi yenidən gündəmə gəlib. Məncə, bu addımın atılması vacibdir. Biz bu məntəqə ilə oraya gələn yük maşınlarını izləyəcəyik, digər maşınların hərəkətini məhdudlaşdırmayacağıq. Laçın dəhlizinin başlama nöqtəsində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması qanunsuz silah daşımalarının qarşısını almaq üçün vacibdir. Əslində Laçın dəhlizi də daxil olmaqla bütün yollarda bu məntəqələr yaradılmalıdır. Bununla da təhlükənin böyük bir hissəsini aradan qaldırılacaq. Həmçinin, yaradılacaq nəzarət-buraxılış məntəqəsində Ağdamda yerləşən Rusiya-Türkiyə monitorinq mərkəzinin nümayəndələri də iştirak edə bilər. Azərbaycan qeyd olunan məqamların həyata keçirilməsi üçün addımlar atacaq”.

Mənbə

Share: