BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə axşamı , Avqust 22 2019

Londonda əsrin boşanması başladı, ortada 6 milyard dollar var


Londonda bu həftə Dubay şahzadəsi Həya Bint əl-Hüseynlə onun əri, Dubay hökmdarı Məhəmməd bin Rəşid əl-Məktum arasında yerli mətbuatın yazdığı kimi “əsrin boşanması” başlayır. Virtualaz.org “The Daily Mail” qəzetinə istinadla xəbər verir ki, Dubay hökmdarının Londona qaçmış arvadı ondan boşanmaq üçün Böyük Britaniyaın ən məşhur vəkili, vaxtilə şahzadə Diana ilə şahzadə Çarlz arasında boşanma prosesində vəkillik etmiş baronessa Fiona Şekltonla anlaşıb. Elə əl-Məktumun vəkili də sıradan biri deyil və Böyük Britaniyanın ən tanınmış vəkillərindən biridir.

Xatırladaq ki, bu günlərdə Dubay hökmdarının altıncı arvadı Həya Bint əl-Hüseynin (İordaniya kralı Hüseynin bacısıdır) uşaqlarını da götürərək 40 milyon dollar nəğd pulla saraydan qaçdığı, Londona sığındığı məlum olmuşdu. Xarici mətbuatın yazdığına görə şahzadə Həya ərinin qəddarlığına görə saraydan qaçıb, lakin digər mənbələr onun ərinə xəyanət etdiyi və britaniyalı sevgilisinin olduğu haqda yazırlar.

Ekspertlər qeyd edirlər ki, cütlük 4.5 milyard funt sterlinq (6 milyard dollara yaxın) uğrunda mübarizə apara bilərlər. Bu da prosesi Britaniya və Avropanın hüquq praktikasında ən bahalı boşanmaya çevirir.

Bundan əvvəl azərbaycanlı milyarder Fərhad Əhmədovun keçmiş arvadı Tatyana Əhmədovanın London məhkəməsindəki boşanma işi “əsrin boşanması” adı almışdı. Çünki Tatyana Əhmədova keçmiş ərinin 1.2 milyard dollarlıq sərvətinin yarısının ona verilməsi barədə hökm çıxarılmasına nail olmuşdu. Tatyana Əhmədovanı bu boşanma prosesində həmin baronessa Şekltonun vəkillər komandası müdafiə edirdi.

Lakin Fərhad Əhmədov London məhkəməsinin çıxardığı hökmü tanımadı və keçmiş arvadı ilə hələ 2000-ci illərin əvvəllərində Rusiyada rəsmən boşandığı üçün ona heç bir təzminat verməyəcəyini açıqladı.

Britaniya mediasının yazdığına görə iyulun 30-da Həya Bint əl-Hüseyn London Yüksək Məhkəməsinə iddia ərizəsini təqdim edib. Boşanmaq istəyini iki uşağı üzərində himayəçilik hüququnu əldə etmək zərurəti ilə əsaslandırıb. Jurnalistlər məhkəmənin qarşısında növbə çəkərək “qaçqın gəlini” ilk dəfə görüntüləyə biliblər, Həya Bint əl-Hüseyn baronessa Şekltonun və mühafizəçilərin müşaiyəti ilə məhkəmə binasını tərk edib.

İddia ərizəsində göstərilir ki, şahzadənin uşaqlarının zorla Britaniyadan xaricə aparılması riski var. Habelə şahzadə məhkəmədən onu ailə münasibətlərinə istənilən məcburetmədən qorumağı, ələ salınmasına qadağa qoyulmasını tələb edir.

Hökmdar əl-Məktum da London Yüksək Məhkəməsinə müraciət edib və uşaqlarının Dubaya geri qaytarılmasını istəyir. Məhkəmədə şeyxi məşhur vəkil, madam Helen Uord müdafiə edəcək. O, “Formula-1”-in keçmiş rəhbəri Berni Ekklstounu arvadı Slavikadan boşananda müdafiə edib. Ledi Uord iti ağlı ilə tanınır və sutkanın 17-18 saatını işləməyə hazır olan biridir.

Britaniya KİV-ləri yazır ki, şahzadənin saraydan qaçmasının əsl səbəbi onunla britaniyalı mühafizəçisi Rassel Flauers arasında “yersiz təmas” olub. Belə ki, qəfildən Londona gələn şeyx əl-Məktum arvadını ailə malikanəsində mühafizəçisi ilə tutub. Keçmiş dəniz piyadası Flauers beş il əvvəl şeyxin mühafizə xidmətinə qəbul edilib və şahzadə Həyanın şəxsi mühafizəçisi olub, onu bütün xarici səfərlərində müşaiyət edib.

Şeyxin ailəsinə yaxın mənbə deyir ki, şahzadə son vaxtlar Flauersin onu bütün səfərlərində müşaiyət etməsini istəyirdi. Habelə ona bahalı hədiyyələr verib, prestijli “Range Rover” alıb, 50 min funt sterlinq dəyərində ov tüfəngi, bahalı kostyumlar və saatlar bağışlayıb. Keçmiş dəniz piyadası arvadından boşananda şahzadə ona Saffolk qraflığında ferma da alıb. Son vaxtlar Flauers gizlənir və adam arasına çıxmır. Ehtimal ki, Dubay hakimiyyətinin ondan qisas ala biləcəyindən çəkinir.