Elmdə dedi-qodu bizim mentalitetin cizgiləridir

Elmdə dedi-qodu bizim mentalitetin cizgiləridir

Hörmətli İbrahim Nəbioğlu Elm günü ilə bağlı maraqlı status yazıb. Onun “icad” etdiyi biliyin 5 qaynağı biliyi labirintə salır. Bilirik ki, böyük Sokrat əsasən “Mən bilirəm ki, heç nə bilmirəm”aforizmi ilə daha çox xatırlanır. İbrahim Nəbioğlu bu aforizmi bizə yenidən xatırladıb: Yəni o da bilir ki, heç nə bilmir. Əlbəttə ki, yaxşı mənada deyirəm. Beləliklə, İbrahim Nəbioğlunun təsvir etdiyi biliyin 5 qaynağı bunlardır:

 

1.Fizika – ölçüsü elmi təcrübədir

2.Ağıl – ölçüsü məntiqdir

3.İntuisiya – ölçüsü yoxdur

4.Dedi-qodu – ölçüsü yoxdur

5.Metafizika – ölçüsü yoxdur

 

1-ci yanlışlıq: Fizikanın ölçüsü təkcə elmi təcrübə deyil, Həm də nəzriyyədir. 10-larla fizik nəzəriyyəçi kəşflərə görə Nobelə layiq görülüblər. Və Rezerfordun təbirincə desəm, ən yaxşı eksperiment nəzəriyyədir.

 

2-ci yanlışlıq: Ağılın ölçüsü təkcə məntiq deyil. Ağıl idrakın qaynaqları içərisindədir. Böyük Aristotel idrakın 5 üsulunu ayırıb: Texne, Fronesis, Episteme, Nus, Sofiya.

 

Birincisi texnedir- latınlar bu sözü ars kimi tərcümə ediblər. Bu “incəsənət”, “nəsə düzəltmək” qabiliyyətidir. İkincisi fronesisdir-bu hərəkətləri düşünmək, kamal kimi tərcümə olunur. Üçüncüsü epistemedir-ciddi mənada “elm” sözüdür. Dördüncüsü nus – “ağıl”dır. Beşincisi sofiya – müdriklükdür. İdrakın bu beş üsulu həqiqətin mahiyyətini açmağın üsuludur. Yəni ağıl idrakın qaynağının 4-cü üsuludur və əvvəlkilərdən bəhrələnir.

 

3-cü yanlışlıq. İntuisiyanın ölçüsü var. Albert Eynşteynin Uolter Ayzekson tərəfindən yazılmış yeni bioqrafiyasından: “Eynşteynin idrakının əsas mənbəyi intuisiya idi. İlk öncə o, fizika sahəsində güclü intuisiyaya malik idi. Eynşteyn nisbilik nəzəriyyəsi üzərində işləyəndə riyaziyyatdan zəngin biliklərə malik deyildi. Onun özü də bunu inkar etmirdi: ” Eynşteyn yazırdı: “Mənim riyaziyyatdan intuisiyam kifayət qədər güclü deyildi. Bununla yanaşı mənim təbiəti dərk etməyə sonsuz istəyim var idi, lakin tələbə ikən anlamırdım ki, nəzəri fizikaya gedən yol ən mürəkkəb riyazi hesablamalaradan keçir. Bu, mənə uzun illər müstəqil şəkildə elmi tədqiqatlarla məşğul olandan sonra bəlli oldu” Ayzekson davam edir: “Eynşteynə sonradana məlum oldu ki, o, fizika sahəsində olan güclü intuisiyası sayəsində bir neçə vacib məsələni həll etməyə nail olmuşdur.” Demək, Eynteynin intuisiyası nisbilik nəzəriyyəsini və “Fotoelektrik effektini” kəşf etməyə yardımçı oldu.

 

4-cü yanlışlıq. Elmdə dedi-qodu bizim mentalitetin cizgiləridir. Dedi-qodu dəhlizlərdə və elmi Şuralarda baş alıb gedir. Dedi-qodunun məlum daşıyıcıları var və ölçüsü də onlardadır. Artıq elə bir dövr gəlib çatıb ki. hər yerdə bu ölçünü gəzdirənləri tanıyırlar. İbrahim Nəbioğlu kifayət qədər mütaliəli eloğlumuzdur. Yəqin ki, Uotsonun Kriklə birgə “DNT-nin strukturu”nu kəşf etdiklərinə görə Fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldüklərini bilir. Uotsonun elmin populyarlaşdırılması ilə bağlı yazdığı “Zəvzəklikdən qaçın” əsəri bestsellerdir. Bəli, biliklər zəvzəklikdə anlaşılmır. Zəvzəkliyin ölçüsü yoxdur deyilsə razılaşmaq olar.

 

O ki, qaldı metafizikaya, burda Kərəmi ağlamaq tutdu: Bunun açıqlamasını böyük fransız filosofu Jak Mariten çox gözəl verib. O, “Metafizikanın əzəməti və səfaləti” əsərində yazır: “Metafizikanın əzəməti nədir? Bəli, o müdriklikdir. Bəs onun səfaləti nədir? O, insan biliyidir. Bəli o, Allahla immanentlik təşkil edir, lakin Onun adını daşımır, çünki Allahı təsvir etmək mümkün deyil.” Demək çoxlarının qorxduğu “metafizika” anlayışının ölçüsü müdriklikdir. Metafizik –poeziya isə tamam başqa ölçüdür.

 

ELM GÜNÜMÜZ MÜBARƏK!

Etibar Əliyev

Milli Məclisin deputatı

Mənbə

Share: