
Moderator.az millət vəkili Əli Məsimlinin 31 Mart Azərbaycan xalqının soyqırımına həsr olunmuş yazısını təqdim edir:
“Bir sıra dövlətlərin Azərbaycan xalqına qarşı yeritdiyi məkrli siyasətinin çox təhlükəli alətinə çevrilmiş şovinist erməni dairələrinin xalqımıza qarşı nifrət və kin üzərində formalaşmış düşmənçiliyi zaman-zaman bizi böyük insan və torpaq itkilərinə, dağıntılara, etnik təmizləməyə, deportasiyaya, hümanitar fəlakətlərə və soyqırımlarına məruz qoymuşdur. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min nəfərlik silahlı qüvvəsi və onun əsas zərbə qüvvsəsini təşkil edən “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc insan yaılnız türk və müsəlman olmalarına görə qətlə yetirilmiş, işgəncələrə məruz qoyulmuş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Bakı quberniyasında başlanan kütləvi qırğınlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə, Lənkəranda, Qubada, Qusarda və digər bölgələrdə daha böyük azğınlıq və qeyri-insani əməllər, kütləvi qətllər, talanlar və etnik təmizləmələrlə müşayət olunmuş, Azərbaycan torpaqlarının çox hissəsində xalqımıza qarşı soyqırımı əməlləri törədilmişdir. Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilmişdir. Şamaxı qəzasındakı 120 kəndin 86-sı erməni təcavüzünə məruz qalmışdır. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olmuşdur.
Quba qırğınları zamanı öldürülənlərin sayı 4 min nəfərdən çox olmuşdur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi dağıdılmış, 2750-dən çox ev yandırılmışdır.
Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi yandırılmış və talan edilmiş, dinc əhaliyə cinsinə və yaşına fərq qoyulmadan uşaqdan böyüyəcən qəddarcasına divan tutulmuşdur. Azərbaycanın tarixi torpaqlarına aid olan İrəvan şəhərində və onun ətrafında 199 kənd yerlə yeksan edilmişdir. Yüz minlərlə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuşdur. 1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Qubada və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhali ilə birlikdə, 3 minə qədər yəhudi də erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.
31 mart qırğınlarına aid sənəd və araşdırmaların nəticələrindən aydın olur ki, xalqımıza qarşı törədilən soyqırımları Azərbaycanın dövlət müstəqilliyinə, milli varlığına qarşı yönəldilmiş məkrli siyasətin tərkib hissəsidir. Rusiyanın bolşevik hakimiyyəti Çar Rusiyasının müstəmləkə siyasətinin görünüş dəyişdirilmiş formalarını tətbiq etməklə azərbaycanlıların yaşadıqları ərazilərin xeyli hissəsini Azərbaycan xalqından, burada yaşayan etnoslardan “azad” etməklə ermənilərə peşkəş etmək niyətində idi..Ermənilər üçün isə əsas məqsəd bölgəni azərbaycanlı əhalidin təmizləmək və xəstə təxəyyülün məhsulu olan “Böyük Ermnistan” ideyasını həyata keçirmək idi. Bu ideya bolşevik hakimiyyətin himayədarlığı ilə həyata keçirilirdi. Silahsiz azərbaycanlılıarı silahlandırılmış ermənilərə qırdırıdılar. Deməli başqa məqsəd də vardı: əsas məqsəd o zaman sürətlə özünə yer etməyə başlayan müstəqil Azərbaycan məfkurəsinə əks təsir etmək, xalqımızın milli azadlıq hərakatına, müstəqil dövlət qurmaq səylərinə mane olmaq idi. Həmin dövrün hadisə və proseslərinə bu prizmadan yanşanda, erməni-daşnakların və bolşeviklərin soyqırımı törətməkdə başlıca məqsədinin Azərbaycanın müstəqilliyinin elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən buraxmamaq idi. Sənədlər göstərir ki, Azərbaycan tərəfin müqaviməti artmağa başlamasaydı kütləvi qırğınların miqyasları baş verənlərdən xeyli böyük olacaqdı. Bu yöndə baş verən hadisələr Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini dayandıra bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika idarə üsulunu qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, bununla da müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu, nümunəsini əyani şəkildə göstərmiş oldu. Azərbaycanın varlığı uğrunda ölüm-dirim mübarizəsinə başladı. Eyni zamanda 1918-ci ildə Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusu gəldi və Azərbaycan xalqının qisasını aldı. Bakı sentyabrın 15-də azad edildi.
Bununla belə 31 Mart soyqırımına görə cəzalandırılmayan ermənilər soyqırımına uğramış 10 minlərlə azərbaycanlının cəsədləri üzərində 9,8 min kvadrat kilometr ərazimizdə özlərinə dövlət yaratdılar. Sonralar ermənilr öz havadarlarının köməyi ilə Azərbaycan torpaqları hesabına ərazilərini 29,8 min kvadrat kilometrə çatdırmağa nail oldular. Həmin ərazilərdə yaşayan 500 mindən çox soydaşımızı öz ata-baba torpaqlarından qovdular, əmlaklarını ələ keçirdilər, talan etdilər. Qarabağı 30 il işğal altında saxladılar.Şəhər və kəndlərimizi xarabazara çevirdilər,ərazilərimizdə ekoloji terror törötdilər. Erməni şovinist dairələri 31 Mart 1918-ci il soyqırımını kimlərdən dəstək alaraq törətmişdilərsə, Xocalı soyqırımını da eyni dəstəkdən istifadə edərək törətdilər. Həm də təkcə Xocalıda deyil, Qarabağ ərazisində çoxsaylı soyqırımları törədilib. 31 Mart 1918-ci il soyqırımı, Xocalı soyqırımı onu göstərir ki, ermənilər öz pis niyyətlərini bundan sonra da fürsət düşən kimi göstərəcəklər. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra da Rusiya sülhməramlıları adlandırılan qüvvələrin yerləşdirldiyi ərazilərilərimizdə həyata keçirilən siyasət əvvəlki siyasətin sadəcə yeni şəraitə modifikasiya olunmuş formada davamıdır. Amma 44 günlük Vətən müharibəsi bir daha xalqımızın bu faciələri unutmadığını, şəhidlərimizin qanının yerdə qalmadığını göstərdi və ərazi bütövlüyümüzün tam və qəti şəkildə təmin edilməsinə qərarlı olduğumuzu, mübarizəmizin bundan sonra da davam etdirmək əzmində olduğumuzu əyani şəkildə göstərdi.
Son illərdə dövlətimizin və ayrı-ayrı qurum və fərdlərin apardıqları ardıcıl iş sayəsində Xocalı soyqırımını dünyanın bir çox parlamentləri, dövlətləri, Amerika Birləşmiş Ştatlarının bir çox ştatları tanıyıblar.Həmin təcrübədən yararlanaraq azərbaycanlılara qarşı tördilmiş soyqırımlarının təkcə Xocalı soyqırımı ilə məhdudlaşmadığını, yüz ildən artıq bir müddətdə sistemli şəkildə davam edən hadisə olduğunu dünyaya çatdırmaq üçün bunun daha əvvəlki mərhələlərini, o cümlədən 1918-ci il soyqırımını biz dünyaya daha artıq dərəcədə tanıtdırmalıyıq. Bu yöndə ən vacib vəzifələrimizdən biri 31 Mart soyqırımının beynəlxalq miqyasda hüquqi qiymətini almasına nail olmaqdır. Eyni zamanda erməni şovinist dairələrinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Bakıda Soyqırım Muzeyinin yaradılması işi sürətləndirilməlidir”.