Regionda mürəkkəb hadisələrin baş verdiyi, qanlı tarixin yazıldığı dövr – 31 mart 1918-ci il. Artıq bu qanlı tarixin 105-ci ildönümüdür.
Azərbaycan xalqının başına gətirilən faciələr 1813-cü və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra başlayıb. Parçalandıq, şimala, cənuba ayrıldıq, tarixi torpaqlarımız bölünüb. Sonrakı dövrdə isə doğma torpaqlarımızın özgəninkiləşdirmə prosesinə başlanılıb.
Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. “Böyük Ermənistan”, dənizdən-dənizə dövlət yaratmaq xülyaları ilə 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirilib. 1918-ci ilin martından isə Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib. Paytaxtda, eləcə də Şamaxı, Quba və digər qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə bir edilib.
Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.
Son illər bu sahədə aparılan araşdırmalar sayəsində çox sayda yeni faktlar və sənədlər toplanıb. Qubada aşkarlanan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib.
Qeyd olunanlar qanlı tarixin çox az hissəsidir. Erməni faşizminin özünü 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində yenidən göstərməsi, Qaradağlı, Ballıqaya, Başlıbel, Xocalı kimi ağlasığmaz faciələri törətməsi düşmənin necə qəddar, vəhşi, insanlıqdan çox uzaq olduğunun növbəti sübutu olub.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: