Azərbaycanda işəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanması qanunun tələbi olsa da hər sahədə olduğu kimi biz azərbaycanlılar bu məsələdə də mütləq şəkildə əlavə yan yollar tapırıq. Çox zaman işdən çıxarılan işçiyə kompensasiyanın verilməsi məsələsində problemlər yaranır. İşçi müvinət almalı olduğunu düşünr, şirkət əksini iddia edir. Edilən istisnalar mütləq şəkildə boşluqlara yol açır və bu da adətən zəif tərəfin, sözügedən halda işçinin hüquqlarının pozulmasına yol açır. Çox zaman da qanunları və öz hüquqlarımızı yaxşı bilməməyimiz səbəbi ilə problemlər yaranır.
Bu gün əmək qanunvericiliyi üzrə konsultant, İnsan resursları üzrə təlimçi Müşfiq Əmircanov Bizimyol.infonun suallarını cavablandırarkən məhz bu məsələlərə aydınlıq gətirib.
– Müşfiq bəy, işçi işdən ayrılarkən ona hansı halda müavinət ödəniloməlidir və bu nə şəkildə olmalıdır?
-İşəgötürənlər işçiyə qalıq əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinin kompensasiyasından əlavə bəzi hallarda əlavə müavinət də ödəməlidirlər. Bu müavinətlər bir növ işçinin müvafiq xitam əsası ilə işdən azad olmasını kompensasiya etmək məqsədilə nəzərdə tutulur. Konkret olaraq, müəssisənin ləğvi, ştatların ixtisarı, işçinin hərbi xidmətə çağrılması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi və bəzi digər hallarda işçiyə əlavə müavinət ödənilməlidir.
– İşdən azad edilən işçilərə çox zaman kompensasiya tələb etməsin deyə məcburi qaydada ərizə yazdırırlar. Bu ərizə onun sonrakı tələblərinin qarşısını alır. İşçi də əmək kitabçasına və ya karyerasına problem yaratmasın deyə könüllü ərizə yazmağa razılıq verir.
-Təbii ki, bu hal birmənalı şəkildə yolverilməzdir. Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçiyə müxtəlif üsullarla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Lakin sirr deyil ki, təcrübədə bu hallara yol verilməkdədir. Bunun qarşısının alınmasının birinci yolu işçinin öz hüquqlarını bilməsi və tələb etməsidir.
-Bu halda işçi hüquqlarını necə bərpa edə bilər?
– İşçilərin işəgötürən qarşısında kollektiv və ya fərdi tələbləri ola bilər. Sırf öz hüquqlarının pozulması ilə bağlı işçi məhkəmələrə müraciət edə bilər. Amma bu sahədə ƏƏSMN-nin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərə yardımçı olur. Onlar nazirliyin qaynar xəttinə müraciət etməklə və ya birbaşa ərizə ilə həmin dövlət orqanına müraciət edə bilər. Təbii ki, təcrübədə çox da istifadə edilməsə belə işçilərin qanunvericilikdə tətil etmə hüququ da vardır.
– Bir çox müəssis sahibləri hesab edirlər ki, onlar işəgötürən və ya sahibkardırlarsa, işçiylə istədikləri kimi rəftar edə bilərlər. Kobudluğa yol verənlər, işçinin mənəviyyatına toxunanlar az olmur. Bu halda qanun nə deyir?
– İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. İşçiyə qarşı təhqir və ya digər qeyri-əxlaqi hərəkətlər olarsa işçi bunun nəticəsində dəyən mənəvi ziyanı məhkəmə qaydasında müvafiq ərizə ilə müraciət etməklə işəgötürəndən tələb edə bilər.
– İş şəraitinə görə işçi xəstələnərsə hansı tələbləri irəli sürə bilər?
– İşçinin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ mövcuddur. Bilirsiniz ki, iş yerlərində stress günümüzün reallığıdır. Üstəlik bəzi yerlərdə işçilərə qarşı sərt davranışlar işçilərdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. İşçi özünə qarşı davranışlarla bağlı maddi və mənəvi ziyanın vurulması ilə bağlı məhkəmələrə müraciət edə bilər. Lakin bu hallarda işçi kifayət qədər sübut təqdim etməlidir.
– Sovet dönəmində işçilərin hüquqlarını həmkarlar təşkilatı da qoruyurdu. İndi də həmkarlar təşkilatı var. Lakin sanki adı var, özü yoxdur.
– İndi də müəssisələrdə həmkarlar ittifaqları təşkilatı yaratmaq mümkündür. Müvafiq qanunvericiliyə əsasən, işçilər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Lakin bu qurumun yaradılmasını ilk növbədə işçilər özləri istəməlidirlər. Bununla yanaşı əksər şirkətlərdə İnsan resursları bölməsi də fəaliyyət göstərir və onlar da işçilərinin hüquqlarının təmin olunması, onların rəy və fikirlərinin rəhbərliyə çatdırılmasında mühüm rol oynayırlar.
– İşçilər iddia edirlər ki, insan resursları daha çox şirkətin mövqeyini düşünür.
– Bu hal da mümkündür, lakin peşəkar mütəxəssis bilməlidir ki, şirkətin yüksəlişi işçi ilə rəhbərlik və ya şirkət arasında doğru münasibətlərin qurulmasından çox asılıdır ,bu mənada insan resurslarının üzərinə böyük yük düşür.Ölkədə mənə belə gəlir ki, kifayət qədər peşəkar HR (eyçar) var, onlar elə şirkətin mənafeyi naminə işçilərin də hüquqlarını qoruyurlar.
Bizimyol.info