Çin İranı Səudiyyə ilə niyə barışdırır

Ötən ay Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İran arasında diplomatik əlaqələrin bərpa olunması barədə razılığın əldə edilməsi son illərdə Yaxın Şərq regionunda baş verən ən mühüm hadisələrdən biri hesab edilir. Martın əvvəlində Səudiyyə Ərəbistanı və İran rəsmiləri iki ölkə arasında illərdir davam edən gərginlikdən sonra iki ay ərzində diplomatik münasibətləri bərpa etmək, Tehranda və Ər-Riyadda səfirlikləri yenidən açmaq barədə razılığa gəliblər. Danışıqlar Çinin vasitəçiliyi ilə gizli şəkildə aparılıb.

 

Pekində Çinin baş diplomatı, Kommunist Partiyasının Mərkəzi Xarici Əlaqələr Komissiyasının ofisinin direktoru, ÇKP Siyasi Bürosunun üzvü Vanq Yinin təşəbbüsü ilə baş tutan görüşdə İran tərəfdən Təhlükəsizlik Şurasının katibi Əli Şamxani, Səudiyyə Ərəbistanı tərəfdən isə milli təhlükəsizlik müşaviri Musaid bin Məhəmməd əl-Ayban iştirak edib. İmzalanan üçtərəfli bəyanatda tərəflər dövlətlərin suverenliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipini xüsusi olaraq vurğulayıblar.

 

Səudiyyə Ərəbistanı ilə İran arasındakı münaqişənin kökləri 1979-cu ilə gedib çıxsa da, diplomatik münasibətlərin pozulması bir neçə il əvvələ dayanır. 2016-cı ildə Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimrin edamndan sonra ölkənin Tehrandakı səfirliyinə hücum edilməsinə cavab olaraq Səudiyyə rəhbərliyi İranla münasibətləri dayandırmaq qərarına gəlib. O vaxtdan bəri münasibətlər pozulub.

 

Onu da bildirək ki, Çinin vasitəçiliyi ilə aparılan danışıqlar Yaxın Şərqdə ABŞ-ın dominantlığını şübhə altına alıb. Çini bölgəyə istiqamətləndirən ən mühüm amillərdən biri onun yüksək enerji ehtiyacıdır. Neft sahəsində xaricdən asılı olan Çin həm Səudiyyə Ərəbistanı, həm də İran neftinin aparıcı müştərilərindən biridir. Səudiyyə Ərəbistanı Çinin dünyada ən çox neft aldığı ölkədir. İranın Çinə satdığı neftin miqdarı sanksiyalar səbəbindən rəsmi olaraq müəyyən edilə bilməsə də, müxtəlif hesablamalara görə 750 min ilə 1,25 milyon barel arasında dəyişir. Bu da İranı Çinin ən böyük 3-cü neft tədarükçüsü edir. Hazırda İranın ən çox neft satdığı ölkə məhz Çindir. Bu məqsədlə 2021-ci ildə Çin və İran arasında 25 illik 400 milyard dollarlıq müqavilə imzalanıb.

 

Bəzi ekspertlər Səudiyyə və İran arasında münasibətlərin normallaşmasının müvəqqəti xarakter daşıdığını düşünür. Qeyd olunur ki, hər iki tərəf Çinlə yaxşı iqtisadi əlaqələrə malik olduğu üçün Pekinin vasitəçiliyini qəbul edib. İki dövlət arasında İraq, Yəmən və digər mövzularda problemlər hələ də həll edilməyib.

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin müəyyən qədər normallaşması nisbi xarakter daşıyır. 

“Yəni burdan yola çıxaraq deyə bilmərik ki, İranın digər müsəlman ölkələri ilə də əlaqələri normallaşacaq. Bir neçə ay bundan öncə Fars körfəzi ölkələri arasında xüsusi vəziyyət elan olunmuşdu. Hətta onlar müharibəyə hazrılıq vəziyyətini çox yüksək səviyyəyə qaldırmışdılar. Bəzi Qərb mənbələrindən oxuduğumu məlumatlarda qeyd olunurdu ki, ABŞ və Səudiyyə Ərəbistanına aid olan kəşfiyyat təyyarələri daim havada idilər. Bu da ola biləcək müharibənin hazırlığından xəbər verirdi. Ümumiyyətlə, İranın tək Səudiyyə Ərəbistanı ilə deyil, digər Fars Körfəzi dövlətləriylə də gərgin münasibətləri davam edir”, – deyə eks-nazir bildirib.

T.Zülfüqarov vurğulayıb ki, Çinin vasitəçiliyi mövcud gərginliyin nisbi olaraq azalmasına təkan verib:

 

“Ancaq iki ölkə arasında bütün problemlərin aradan götürülməsi haqqında danışmaq hələ tezdir. İran və Səudiyyə Ərəbistanı qarşıdurmasının təməli 10 əsr öncədən atılıb. Məhz ona görə də indiki mərhələdə bütün problemlərin həll olunması real görünmür. Hazırkı situasiyada dünyada və enerji bazarında olan gərginlik fonunda Çinin rolunu müəyyən qədər artırır. Hindistanın son zamanlar sözügedən ölkədən neft ixrac etməsi əsas mövzulardan biridir. Çünki uzun müddət bundan öncə Çinin strateji neft ehtiyatları sanksiyadan kənar ixrac olunan İran nefti ilə təmin olunurdu. İndi isə Rusiyanın maraqlarından biri də odur ki, öz neftini Çinə satsın. Yəni vasitəçiliyin arxasında iqtisadi maraqlar durur. Ümumiyyətlə, danışdığımız mövzu proseslərin bir səhifəsidir, yəni kitabın sonu deyil. Qərb, xüsusilə də ABŞ özünə ən böyük rəqib kimi Çini görür. Bu baxımdan ona qarşı istənilən addımlar iqtisadiyyatla birbaşa bağlıdır. Hər kəsə aydındır ki, Qərb Çinin vasitəçiliyindən narahatdır. ABŞ başda olmaqla Qərb dövlətlərinin hər biri Çinin enerji bazarında böyük aktor olmasından və siyasətdə aktiv rol almasından narahatlıq hissi keçirir. Həmçinin İranın Hindistanla yaxınlaşmasını da istəmirlər”.

Mənbə

Share: