Rusiya Prezidenti Vladimir Putin martın 31-də ölkənin yeni xarici siyasət konsepsiyasını təsdiqləyib. Putin deyib ki, beynəlxalq arenada baş verən köklü dəyişikliklər Rusiyanın xarici siyasət konsepsiyasına ciddi düzəlişlər etməyi tələb edir. Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə sənəd beynəlxalq işlərdə baş vermiş inqilabi dəyişiklikləri əks etdirir.
Sənəddə ABŞ “risklərin” və “anti-Rusiya siyasətinin” əsas mənbəyi kimi təqdim edilir. Rusiya sənəddə rus xalqını və Rus dünyasının mədəni-sivilizasiyana daxil başqa xalqları birləşdirən özünəməxsus dövlət-sivilizasiya adlandırılır. Konsepsiyada vurğulanır ki, Rusiya qlobal qüvvələr balansını tarazlaşdırmaq və bəşəriyyətin dinc inkişafını dəstəkləmək kimi unikal missiyaya malikdir.
Konsepsiyada iddia olunur ki, Rusiyanın xarici siyasəti “sülhsevər” xarakter daşıyır, “lakin dost, neytral və qeyri-dost ölkələrə yanaşmada fərqlidir”. Sənəddə qeyd edilir ki, qonşu ölkələrlə münasibətlər Rusiyanın təhlükəsizliyi üçün çox mühüm faktordur. Sənəd faktiki olaraq qonşu ölkələri Rusiyanın nüfuz dairəsi elan edir. Məsələn bildirilir ki, Rusiya qeyri-dost ölkələrin infrastrukturunun onun qonşularının ərazilərində yerləşdirilməsinə qarşı mübarizə aparacaq. Sənəddə bildirilir ki, Rusiya Çin, Hindistan, İran, Türkiyə, Suriya, Səudiyyə Ərəbistanı və Misirlə, habelə Braziliya, Kuba, Nikaraqua və Venesuela ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.
ABŞ-da fəaliyyət gösətərn Müharibələrin Tədqiqi İnstitutu son hesabatında bildirilir ki, xarici siyasət konsepsiyası Kremlin Qərbə qarşı yeni blok yaratmaq cəhdlərini dəstəkləməyə yönəlib. Qeyd olunur ki, yeni konsepsiya Rusiyanın çoxqütblü dünya nizamı yaratmaq, o cümlədən ABŞ-ın hökmranlığına son qoymaq məqsədi daşıyır. Sənəddə bəşəriyyətin əksəriyyətinin Rusiya ilə konstruktiv münasibətdə maraqlı olduğu və arzulanan çoxqütblü dünyanın Qərbdə olmayan dünya gücləri və regional liderlər üçün imkanlar açacağı iddia edilir.
Konsepsiya Rusiyanın xarici siyasətində hansı dəyişikliklərə gətirib çıxaracaq?
Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Fikrət Sadıqov qeyd edib ki, yeni qəbul olunan konsepsiya Rusiyanı daha da azğınlaşdıracaq.
“Bu düzəlişlər yeni dünyada atılan addımların əksidir demək olar. Çünki Rusiya Qərbin Ukraynanı dəstəkləməsindən çox narazıdır və bunu açıq şəkildə söyləyir. Onlar düşünür ki, Qərb ölkələri Ukraynaya yardım etməsəydi, Rusiya çoxdan həmin əraziləri işğal etmişdi. Qəbul olunan konsepsiyada daha sərt maddələr öz əksini tapıb. Bu, əlbəttə ki, Rusiya rəhbərliyinin daha da azğınlaşmasına gətirib çıxaracaq”, deyə politoloq bildirib.
F.Sadıqov vurğulayıb ki, Rusiya atacağı sərt addımlara bu konsepsiya vasitəsi ilə siyasi don geyindirir: “Rusiya bir tərəfdən çox ağır sanksiyalara məruz qalır, həm də Çinlə bu vəziyyətdən az da olsa çıxmaq üçün Çinlə yaxınlaşmaq istəyir. Məncə, Rusiya bundan sonra daha sərt addımlar atacağı üçün buna ideoloji və siyasi don geyindirmək məqsədindədir. Məhz bu konssepsiya da həmin edologiyaya dəstək verən bir sənəddir. Qərb isə Rusiyanın yeni qəbul etdiyi qanunlara qarşı mübarizə aparmayacaq. Onlar əsasən Rusiyanın praktiki addımlarının qarşısını kəsməyə çalışacaq. Ukraynaya dəstək verilməsi, Finlandiyanın NATO-ya qəbul olunması və Baltikyanı ölkələrə xüsusi təkan vermək həvəsi də məhz bunu sübut edən amillərdən bir neçəsidir. ABŞ isə Rusiyanın ata biləcəyi addımlara qarşı tədbirlər görəcək. Hətta Rusiya ilə sərhəd olan Avropa ölkələrinə nüvə silahı da yerləşdirilə bilər. Çünki Qərb Belarusa həmin silahların yerləşdirilməsindən çox narahatdır. Yəni bu konsepsiyanın həyata keçirilməsinə real addımlar atılacaq. Qeyd olunan konsepsiyanın Rusiyanın sonunu gətirəcəyini demək çətindir. Amma hərhalda həqiqət odur ki, sözügedən ölkə günü-gündən zəifləyir. Qərb əlindən gələni edir ki, Rusiya super gücdən sadə bir regional dövlətə çevrilsin”.