
Finlandiya rəsmən NATO-nun üzvü oldu. Moskvadan hiddət və təhdid dolu səslər eşidilir…
“Güclü tərəfdaşlar regionun və bütün dünyanın təhlükəsizliyinin qarantıdır…”
“Putin Ukraynaya hərbi müdaxilə edərkən bel bağladığı nəticənin tam əksi ilə üzləşib…”
Finlandiya rəsmən Şimali Atlantika alyansının tərkibinə daxil olan 31-ci dövlət olaraq NATO-nun tamhüquqlu üzvü olub. Bu barədə ilk olaraq Polşanın baş naziri Mateuş Moravetski məlumat verib.
Moderator.az xəbər verir ki, bu barədə “dw.com” nəşri məlumat yayıb.
“Finlandiya artıq NATO-dadır! Təbrik edirəm! Bu gündən alyansda 31 ölkə var. Güclü tərəfdaşlar Polşanın, regionun və bütün dünyanın təhlükəsizliyinin qarantıdır”, – baş nazir özünün “Twitter” səhifəsində yazıb.
“Euronews” telekanalı məlumat verib ki, Finlandiya Alyansın əsası qoyulduğu 4 aprel 1949-cu ildə NATO-ya qoşulub.
NATO-nun Brüsseldəki mənzil-qərargahının həyətində keçirilən təntənəli mərasimin gedişində Alyansa qoşulmaq haqqında sənədlər ABŞ Dövlət katibinə-təşkilatın təsis müqaviləsinin mühafizəçisinə veriləcək.
Daha sonra Brüsseldəki mənzil-qərargahın qarşısında əlifba sırası ilə Estoniya ilə Fransa arasında Finlandiyanın bayrağı qaldırılacaq.
“Finlandiyanın təhlükəsizliyi, Şimal ölkələri və bütövlükdə NATO üçün gözəl gündür. İsveç də həmçinin nəticədə daha təhlükəsiz olacaq”, – NATO-nun baş katibi Yens Stoltenberq vurğulayıb.
Finlandiyanın NATO-ya daxil olması təşkilatın tarixində ən sürətli prosedur olub, müşahidəçilər qeyd edib. Bundan öncə Finlandiya 30 il ərzində neytrallıq mövqeyi sərgiləyib.
Finlandiyanın Rusiya ilə 1300 km ümumi sərhəddi var, qonşu İsveç kimi, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən az sonra, 10 ay öncə NATO-ya daxil olmaq üçün sorğu verib.
Bu gündən Alyansın Nizamnaməsinin 5-ci maddəsi kollektiv müdafiə üzrə öhdəliklər çərçivəsində bu ölkəyə şamil edilir, buna uyğun olaraq bir üzv-ölkəyə hücum “hamıya hücum kimi baxılacaq”.
Rusiya XİN Finlandiyanın NATO-ya daxil olmasını “tələsik addım” adlandırıb və “həm hərbi-texniki, həm də digər xarakterli cavab tədbirləri” anons edib.
“Rusiyanın şimal-qərb sərhədlərində müdafiə sahəsində konkret addımları bu ölkənin Şimali Atlantika alyansına inteqrasiyasının konkret şəraitindən, o cümlədən onun ərazisində NATO-nun hərbi infrastrukturunun və zərbə silah sistemlərinin yerləşdirilməsindən asılı olacaq”, – nazirlik vurğulayıb.
Rusiyalı diplomatlar qeyd edib ki, NATO-nun Rusiya Federasiyası ilə bilavasitə təmas xəttinin iki dəfədən çox artması nəticəsində Şimali Avropa regionunda vəziyyət kökündən dəyişib.
“Finlandiyanın NATO-ya qoşulması Rusiya-Finlandiya arasında ikitərəfli münasibətlərə neqativ təsir göstərməyə bilməz”, – Rusiya XİN bəyan edib.
Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Finlandiyanın NATO-ya daxil olması “vəziyyətin növbəti kəskinləşməsi”, Rusiyanın “təhlükəsizlyinə qəsddir”, bununla bağlı Rusiya “əkstədbirlər görəcək”.
Peskov qeyd edib ki, Ukraynanın NATO-ya can atması ilə bağlı vəziyyət bu gün artıq Alyansın üzvü olan “Finlandiyanın vəziyyətindən çox fərqlənir”.
NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, məhz Rusiyanın hərəkətləri NATO-nun genişləndirilməsinə gətirib çıxarıb, əksinə olmayıb.
O, vurğulayıb ki, Rusiya hakimi Vladimir Putin Ukraynaya hərbi müdaxilə edərkən bel bağladığı nəticənin tam əksi ilə üzləşib.
“O, öz sərhədləri yaxınlığında daha az NATO istəyib, amma Rusiyanın Ukraynaya qarşı müharibəsi Finlandiyanı Alyansa daxil olmağa sövq edib.
Putin sübut edib ki, o, öz qonşularına qarşı hərbi gücdən istifadə etməyə hazırdır. Buna görə də biz NATO-nu, hazırlığımızı, Alyansın şərq hissəsində iştirakımızı gücləndirdik.
Əslində ötən il Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı sorğu vermək qərarına gətirib çıxarıb”, – Stoltenbeq vurğulayıb.


