Bir şəklin tarixçəsi – YAP-ın proporsional seçki siyahısı: kimlər getdi, kimlər qalıb…

Azərbaycanda proporsional seçki sisteminin yenidən bərpası haqda söz-söhbət dolaşır. Siyasi kluarlaradan gələn siqnallara görə, payızda proporsional seçki sisteminin bərpası üçün referendum keçirilə bilər.

Azərbaycanda proporsional seçki sistemi (səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi) 2002-ci ildə keçirilmiş referendumla ləğv edilib. Artıq 23 ildir ki, parlament seçkiləri majoritar sistemlə (səslərin fərdlərə verilməsi) keçirilir.

Ölkədəki müxalifət partiyaları isə seçkilərə fərdi şəkildə deyil, proporsional sistemin tələbinə uyğun olaraq partiya şəklində qatılmaq istəyirlər, amma hələ ki mövcud qanun buna imkan vermir. 

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil hakim Yeni Azərbaycan partiyasının (YAP) proporsional seçki siyahısını əks etdirir.

Zaman 2000-ci il… Siyasi partiyalar II çağırış Milli Məclisə seçkiyə hazılaşırlar. Yeni Azərbaycan Partiyasının proporsional seçki siyahısına o zaman Azərbayacan Dövlət Neft Şirkətinin I vitse-prezidenti İlham Əliyev rəhbərlik edirdi…

Siyahıda sonrakı yerlərdə Əli Əhmədov (hazırda Baş nazirin müavinidir), Siyavuş Novruzov (hazırda deputatdır), Murtuz Ələsgərov (dünyasını dəyişib), Mixail Zabelin (hazırda deputatdır), Asya Manafova (sabiq deputat – hazırda təqaüddədir), Eldar İbrahimov (hazırda deputatdır), Zahid Qaralov (vəfat edib), Kərim Kərimov (vəfat edib), Ağabəy Əsgərov (sabiq deputat – hazırda rəsmi vəzifəsi yoxdur), Südeyif İmamverdiyev (sabiq deputat – hazırda tibb sahəsində uroloq işləyir) və digərləri yer alırdı…


O zaman proporsional seçki siyahısında ön yerlərə düşmək partiya funsionerlərinin nüfuzunu, siyasi çəkisi, mənsub olduğu düşərdədə söz sahibi olmasından xəbər verirdi.

Siyasi prosesləri izləyənlər yaxşı xatırlayırlar, 2000-ci ilin payızında –  noyabrın 5-də keçirilmiş parlament seçkiləri həm majoritar, həm də proporsional sistemlə keçirildiyindən maraqlı marafon olmuşdu.

Həmin il Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev seçkilərə bir ay qalmış – oktyabrın 6-da qarşıdakı parlament seçkilərində siyasi partiyaların proporsional seçki sistemi üzrə iştirakı məsələlərinə yenidən baxmaq imkanının müzakirə olunması barədə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etdi.

MSK oktyabrın 7–8-də keçirilmiş iclasında Prezident Heydər Əliyevin müraciətini müzakirə edərək belə nəticəyə gəldi ki, seçkilərdə iştirak etmək niyyətində olan bütün siyasi partiyaların deputat mandatı uğrunda mübarizəsinə şərait yaradılması ölkədə azad və ədalətli seçkilər keçirilməsinə xidmət etmiş olar.

Və MSK “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında” Qanunun 2.2-ci maddəsinin 10-cu bəndini rəhbər tutaraq, Komissiyada əvvəllər qeydiyyatdan keçmiş Yeni Azərbaycan Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının və Azərbaycan Kommunist Partiyasının vahid namizədlər siyahısı ilə yanaşı, Müsavat Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Milli Konqres Partiyasının, Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Naminə Alyans Partiyasının, Demokratik Azərbaycan Dünyası Partiyasının, Azərbaycan Liberal Partiyasının vahid namizədlər siyahısının da qeydə alınması barədə müvafiq qərar qəbul etdi.

Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Milli Dövlətçilik, Milli Hərəkat və Demokratik Maarifçilik partiyaları seçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq “Demokratik Azərbaycan” siyasi partiyalar bloku qeydiyyatdan keçirildi.

2000-cil seçkilərinin nəticələrinə əsasən, proporsional sestemlə Milli Məclisə Yeni Azərbaycan Partiyasından – 16, Azərbaycan Xalq Cəbhəsi Partiyasından – 4, Vətəndaş Həmrəyliyi Partiyasından – 3 və Azərbaycan Kommunist Partiyasından 2 deputat seçildi.

Parlamentin qalan üzvləri (o cümlədən Müsavat, Ana Vətən Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Milli İstiqlal Partiyasının hər birindən 2 nəfər, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Yurddaş Partiyasının hər birindən 1 nəfər) majoritar qaydada deputat mandatı aldılar.

Azərbaycanda yenidən proporsional seçkiyə keçid yalnız Konstitusiya dəyişikliyi ilə mümkün ola bilər. Bunun üçünsə referendum keçirilməlidir.

A.Qorxmaz

Mənbə

Share: