
“Ermənistan Azərbaycana qarşı təxribatları ilə vətəndaşlarının diqqətini ölkədəki iqtisadi problemlərdən yayındırmağa çalışır”.
Bunu italiyalı jurnalist və politoloq Domeniko Letisiya deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti əhalinin diqqətini daxili problemlərdən yayındırmaq üçün təhlükəli və müəyyən edilmiş siyasət yürüdür.
“Daxili siyasi idarəetmə və vətəndaşlarla münasibətlər baxımından xeyli problemləri olan Ermənistan daxili siyasət problemlərinin kənarda qalması üçün əhalinin nəzərini Azərbaycana yönəltməyə üstünlük verir. Beləliklə, Ermənistan vətəndaşların diqqətini ölkənin üzləşdiyi iqtisadi problemlərdən yayındırmaq üçün nifrət və təxribat dilindən istifadə edir”, – Domeniko Letisiya bildirib.
Eyni zamanda, analitikin fikrincə, Ermənistan rəhbərliyinin bu strategiyası öz təsirini itirməyə başlayır və getdikcə daha çox vətəndaş Ermənistan üçün sülh və demokratiya istəyir.
D.Letisiya qeyd edib ki, Avropada çoxları İrəvanın bu “kiçik oyunundan” xəbərdardır.
“Avropa anlamalıdır ki, Ermənistan Rusiyanın oyuncağıdır”, – italiyalı ekspert əlavə edib. /Report/


