
“Yaxşı haldır ki, hələlik istər rəsmi Bakı, istərsə də İrəvan tərəfindən növbəti görüşün Moskvada keçiriləcəyi təsdiqlənməyib…”
“Son günlər baş verənləri sözsüz ki, Qərbin nüfuzunun Güney Qafqaz, o cümlədən Ermənistanda güclənməsi, Azərbaycan-Ermənistan görüşlərinin, sülh prosesinin Qərbin vasitəçiliyi ilə təşkilinin qarşısının alınması üçün Rusiya-İran ittifaqı tərəfindən atılan adımların nəticəsi kimi də dəyərləndirmək olar. Həmin addımlardan biri də, təəssüf ki, Ermənistanla sərhədimizdə 3 əsgərimizin şəhid olmasıyla nəticələnmiş təxribat oldu. Bu cür təxribatların birbaşa Rusiyanın göstərişi və iştirakıyla təşkil olunması da aydındır”.
Bu fikirləri Moderator.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı “Son günlər bütün baş verənlərdən sonra Azərbaycanla Ermənistan arasında sülh prosesi necə davam edə bilər? Ölkə başçıları arasında növbəti görüşün harada baş tutma ehtimalı daha böyükdür: Vaşinqtonda, Brüsseldə, yoxsa Moskvada?” suallarını cavablandırarkən ifadə edib.
“Bu günlərdə Paşinyan qəribə fikirlər səsləndirərək bildirib ki, Ermənistan ordusunda əmrləri məndən yox, başqa liderlərdən alanlar var. Erməni baş nazir onların agent olması ehtimalından da danışıb. Həmin agentlərin daha çox hansı ölkəyə aid olmasını müəyyən etmək üçün Ermənistanda hansı ölkənin hərbi bazasının olması, bu ölkənin sərhədlərini hansı kənar ölkə qoşunlarının qoruması haqda düşünmək kifayətdir. Təbii ki, dediyim kimi, Azərbaycan-Ermənistan danışıqlarının və sülh prosesinin Avropa, yaxud ABŞ-ın vasitəçiliyi ilə aparılmasından ən çox narahat olan da Rusiyadır. Və yaranmış gərgin durumda danışıqların növbəti raundunun harada keçiriləcəyi çox ciddi məsələdir. Bilirik ki, məhz bu gərgunlikdən öncə danışıqların daha çox Vaşinqtonda keçirilməsi ehtimalı yaranmışdı. Sərhəddəki bəhs edilən təxrubatdan sonra isə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın “ötürməsi” ilə guya görüşün Moskvada keçirilməsinin daha gözlənilən olduğu bilindi. Həmin ərəfədə Avropa İttifaqının rəhbəri Şarl Mişel də bu mövzuda müəyyən fikirlər səsləndirdi”,- deyə davamında həmsöhbətimiz bildirib.
“Bildiyiniz kimi, bu günlərdə ABŞ Dövlət Katibliyinin müxtəlif ranqlı rəsmilərinin İrəvana və Bakıya ardıcıl səfərləri oldu, danışıqlar aparıldı. Həmin səfərlərin Azərbaycan-Ermənistan danışıqlarının məhz Vaşinqtonda keçirilməsinə hazırlıq məqsədi güddüyü anlaşılandır. Bütün hallarda hesab edirəm ki, Azərbaycan və Ermənistan rəsmiləri danışıqların heç bir vasitəçi olmadan aparılmasına çalışmalıdır. Çünki həmin vasitəşilərdən hər biri öz siyasi məqsədlərini güdür. Düzdü, Rusiyadan fərqli olaraq Qərb vasitəçi kimi öz istəklərini qəti şəkildə diqtə etmir, sadəcə, mediatorluq edirlər. Amma əgər vasitəçisiz alınmırsa, düşünürəm ki, danışıqların Vaşinqtonda davam etdirilməsi Azərbaycan üçün daha effektiv və uğurlu olar. Və yaxşı haldır ki, hələlik istər rəsmi Bakı, istərsə də İrəvan tərəfindən növbəti görüşün Moskvada keçiriləcəyi təsdiqlənməyib. Bu ehtimal yalnız Zaxarovanın dilindən səslənib. Amma Azərbaycan Prezidentinin də son açıqlamalarından gəlinən nəticə odur ki, indiyədək istər Rusiya, istərsə də Avropa şəhərlərində keçirilmiş görüşlərin heç birindən uğurlu nəticə alınmayıb…”,- deyə analitik vurğulayıb.
Sultan Laçın


