
Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib.
DQİDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan prorektor Rizvan Əliyev tədbirin aktual mövzuya həsr edildiyini deyib. Dini radikalizmin ideoloji təhlükəsizlik sahəsində yaratdığı fəsadlara toxunan prorektor ona rəvac verən təhdidlərin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. O, DQİDK-nın dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə həyata keçirdiyi tədbirlərin önəminə toxunaraq bu sahədəki maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra geniş məruzə ilə çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, din amili dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşib. Təəssüf ki, tarixin müxtəlif dövrlərində olduğu kimi, bu gün də bəzi siyasi dairələr tərəfindən geosiyasi və geoiqtisadi maraqların təmin olunması üçün dindən istifadə edilməsinin şahidiyik. Sədr müavininin sözlərinə görə, hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə istifadə edirlər.
S.Heydərov qeyd edib ki, dövlətimiz dini radikalizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir.
Konfrans müzakirələrlə davam edib.