Uşaqlarınızı yalnız ana südü ilə qidalandırın

“Doğum evlərində olarkən körpənizin yalnız ana südü ilə qidalandırılacağını qətiyyətlə tələb edin və yeni doğulmuş körpənizin həyatının ilk saaatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırın! Ana südü ilə qidalandırmanı dayandırmaq haqda uşağın 1-2 yaşından tez düşünməyin”.
Milletinsesi.az  xəbər verir ki, bu barədə məlumat Səhiyyə Naziliyinin süni qidalarla bağlı yaydığı xəbərdarlıqda yer alıb. Bildirilib ki, hər hansı tibbi göstəriş yoxdursa, körpələrə süni qidaların verilməsi körpənin fiziki və psixi inkişafına, həmçinin ananın sağlamlığına mənfi təsir göstərir:
“Körpələrin sağlamlığı ana südündən başlayır: Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq körpənin həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edəcək. Ona bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var və bu, hətta istidə belə körpənin tələbatını ödəyir.
Təəssüflər olsun ki, bəzən anaları süni qidalara yönəldənlərə də rast gəlinir. Onlar bilməlidir ki, süni qidalandırılma ailənin həm mənəvi, həm də maddi təməlinə zərbə vurur.
Yenidoğulan körpələrə doğulduğu ilk gündən süni qida verilməsi Səhiyyə Nazirliyini, o cümlədən neonatal komissiyanın ekspertlərini də narahat edir. Süni qida qəbulu adi hala çevrilməməlidir”.
Qaynarinfo
Share: