“Biz Laçın yolundakı vəziyyətlə bağlı fransalı xanım nazirlə müzakirə apardıq”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, fransalı həmkarına Ermənistanın Laçın yolundan sui-istifadə etdiyi barədə məlumatlar verib.
Nazir qeyd edib ki, Ermənistan Laçın yolu ilə Azərbaycan bölgələrinə silah-sursat və mina daşıyırdı.
Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycan Ermənistana dəfələrlə xəbərdarlıq etsə də, qarşı tərəf bundan imtina edilib.
“Laçın yolunda şəffaf nəzarət üçün Azərbaycan sərhəd-buraxılış məntəqəsi qurdu. Bu, şəffaflığı təmin edəcək”, – deyə o əlavə edib.
Nazir bildirib ki, beynəlxalq təşkilatlar və partnyorlar Azərbaycanın addımlarını qəbul etməlidir.
Ceyhun Bayramov Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı da danışıb.
“Azərbaycanın legitim hüquqları mütləq nəzərə alınmalıdır. Avropa İttifaqı missiyası tərəfindən sülhə və təhlükəsizliyə töhfə verməyən bəyanatlar səsləndirilir. Hesab edirik ki, buna son qoyulmalıdır. Fransanın da Avropa İttifaqının aparıcı dövləti kimi prosesə töhfə verməsini gözləyirik”, – deyə o əlavə edib. /Oxu.az/