Ermənistanda XX əsrin 20-ci illərində silsilə siyasi qətllər törətmiş terrorçuların, “Nemezis” qruplaşmasının yaraqlıların xatirəsinə ucaldılmış abidənin açılışı olub.
“Aprelin 24-də Ermənistanda… terrorçuların, daha doğrusu, XX əsrin 20-ci illərində silsilə siyasi qətllər törətmiş “Nemezis” qruplaşmasının yaraqlıların xatirəsinə ucaldılmış abidənin açılışı olub. Onlar Gənc Türklər və Azərbaycan Xalq Cümhuriyyəti hökumətlərinin üzvlərini “aradan götürürdülər”. Ermənistanda məhz onları qondarma “erməni soyqırımı” ilə əlaqədar “qisasçılar” adlandırırlar”, – o deyib.
F.Axundovun sözlərinə görə, yadda saxlamaq lazımdır ki, bu terrorçuların davamçıları da olub – artıq 70-ci illərdə “yeni nəsil” erməni terrorçular müxtəlif ölkələrdə, o cümlədən ABŞ və Qərbi Avropa ölkələrində türk diplomatlarının qətlə yetirilməsi “kampaniyası” həyata keçiriblər.
“Onlar da iddia edirdilər ki, sadəcə quldur və qatil deyillər, 1915-ci ilin “soyqırımı”na görə “qisasçılar”dırlar. Özü də Birinci Dünya Müharibəsi zamanı hələ doğulmamış türk diplomatlarını da öldürürdülər. Yaxud Varujan Karapetyanın “Orli” hava limanında etdiyi kimi addım atırdılar – mülki təyyarəyə bomba qoyurdular. Yaxud da Ankara hava limanında sərnişinlərə atəş açırdılar. Hətta terrorçulardan biri “O vaxt bir milyon yarım erməni öldü, indi sizdən neçə nəfərin ölməsinin nə fərqi var?” deyə qışqırıb”, – F.Axundov bildirib.
Politoloq hesab edir ki, indi İrəvanda məhz belə şəxslərə “qəhrəman”, “nümunə götürüləsi örnək” kimi abidə ucaldırlar.
“Düzü, Qaregin Njdenin abidəsindən sonra Ermənistanın daha da alçalacağı yer olmadığını düşünmək olardı. Xatırladaq ki, bu subyekt könüllü olaraq Hitlerin ordusunun sıralarında xidmətə gedib, CD casusu olub (Nürnberq prosesi bu casusları hərbi cinayətkar kimi tanıyıb), yəhudilərə qarşı qırğınlarda fəal iştirak edib, “Holokost” zamanı əldə edilmiş qənimətləri satıb… Ermənistanda, təbii ki, artıq bir əfsanə hazırdır: Njdeyə abidə Hitlerə xidmətinə görə deyil, onun Zəngəzurdakı “qəhrəmanlıqlarına” görə ucaldılıb. Hətta bu barədə xəstə düşüncəli ağlamalı film də çəkiblər və bu filmdə Njde “Zəngəzurda hələ neçə türk kəndi var?” deyə soruşur, ardınca isə “Biz bu kəndləri azad edəcəyik!” deyir. Napoleon gəlib bu kəndləri ələ keçirmişdi və Njde də onları azad etmək istəyirdi? Azərbaycanda demək olar heç kimə əlavə izah etməyə ehtiyac yoxdur ki, onlar kəndləri dinc yerli azərbaycanlılardan “azad edirdilər”. Bu gün Qarabağın kəndlərinə, daha doğrusu, kəndlərin qalıqlarına baxmaq kifayətdir ki, ermənilərin azad etmək kəlməsinin nə məna verdiyini anlayasan”, – o deyib.
Politoloq vurğulayıb ki, bu “xidmətlərinə” görə Njdeyə İrəvanın mərkəzində abidə ucaldılıb və indi orada terrorçulara da abidə ucaldılıb.
“Gör bütün xalqın dəyər oriyentirləri nə dərəcədə dəyişib? Sosial şəbəkə artıq ortaya bir versiya da atılıb: guya, bu, daşnakların təşəbbüsüdür və s. Amma abidə şəxsi evin həyətində qoyulmayıb. Onun açılması üçün ən azı hökumət icazə verməli idi”, – o qeyd edib.
Ekspert əlavə edib ki, Ermənistanda terrorçuları qəhrəmana çevirmək cəhdləri ilə bağlı həddən çox “epizodlar” var: “Bura Yerablurda ASALA yaraqlılarına qoyulan abidələri, terrorçu Monte Melkonyanın adının küçəyə verilməsini və başqa hallar daxildir”.
F.Axundov qeyd edib ki, cari nəsil öz ölkəsinin tarixini seçmir, “nə varsa” onu miras alır.
Onun sözlərinə görə, cari nəsil bu hekayədə prioritetləri müəyyən edə, kimin qəhrəman, kimin cinayətkar olduğuna qərar verə bilər: “Ermənistanda terrorçular və qatillər qəhrəman seçilirsə, bu, “tarixin hökmüdür” demək deyil. Bu, bugünkü seçimdir, özü də təkcə keçmişin yox, həm də gələcəyin seçimidir”.
“Ermənistanda “bumeranq qanunu” artıq işləməyə başlayıb – 1999-cu ildə Nairi Unanyanın başçılıq etdiyi bir qrup terrorçunun Ermənistan parlamentində necə atışma törətdiyini xatırlatmaq kifayətdir. 2016-cı ildə başqa bir qrup terrorçu polis bazasını ələ keçirib və kifayət qədər uzun müddət orada girovlar saxlayıb”, – ekspert bildirib.
Politoloq xatırladıb ki, 2001-ci il aprelin 24-də Fransa hökuməti növbəti dəfə Ermənistanı terrorizmə aludəçilikdə dəstəkləyib və beynəlxalq terrorçu Varujan Karapetyanı vaxtından əvvəl həbsdən azad edib: “Amma “made in Armenia” terroru hamı üçün təhlükədir. Buna müvafiq qaydada cavab verilməlidir, o cümlədən də Fransada. Lakin Fransa xarici işlər nazirinin İrəvanda oynadığı orijinal rəqsə baxsaq, rəsmi Paris bu gün də Ermənistanda terrorizmin tərənnüm edilməsinin tərəfdarıdır və “Nemezis” yaraqlılarına həsr edilmiş abidənin açılması bunun təzahürüdür”.