PUA hücumu müəmması: Kreml “Göydələn”, Ukrayna “əl-Qaidə” deyil

Ukraynada müharibənin uzanması Rusiyanın bütün istiqamətlərdə ziyanına işləməyə başlayıb. Rusiyanın Ukraynanın Baxmut şəhərini hələ ələ keçirə bilməməsi də bunu təsdiqləyir. Məlumatlara görə, Rusiya ordusunda Ukraynada döyüşməklə bağlı ruh düşkünlüyü yaşanır. Bu müharibəyə qarşı çıxanların federasiyanın yeni qəbul olunmuş qanunları ilə mühakimə ediləcəyi gözlənilir.

 

Belə bir vəziyyətdə olan Rusiya Ukraynanın PUA-larla Kremlə hücum etməsi ilə bağlı “əməliyyatı” çıxış yolu kimi təqdim etməyə səy göstərir. Moskva iddia edir ki, Rusiya Silahlı Qüvvələri PUA-lardan 2-sini məhv edib, itki yoxdur. Kreml bunu 9 May – Qələbə Günü ərəfəsində terror aktı və Rusiya Prezidenti Vladimir Putinin həyatına sui-qəsd, terror cəhdi kimi qiymətləndirib: “Rusiya adekvat cavab vermək hüququna malikdir”.

 

Bu kimi hadisələrə əsaslanaraq, demək olar ki, Rusiyada hərbi sahədə uğursuzluqları ört-basdır etmək, müharibə ilə bağlı cəmiyyətin ovqatını qaldırmaq üçün belə addım atıla bilər. Kreml hadisəni “terror” adlandırmaqla antiterror əməliyyatı keçirdiyini bəyan etməyə hazırlaşır, habelə terror hücumuna məruz qalan tərəf kimi özünü aparmaq istəyir.

 

Başqa sözlə, Rusiya Kremlə “PUA hücumu”nu “əl-Qaidə” terror qruplaşmasının 2001-ci il sentyabrın 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində törətdiyi silsilə terror aktları ilə eyniləşdirmək istəyir. Qeyd edək ki, “American Airlines” (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə (Göydələnə) çırpılmışdı. Partlayış nəticəsində binalar aşmışdı. Pentaqonun binası da terrorçuların idarə etdikləri təyyarə tərəfindən vurulmuşdu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanmışdı. Həmin təyyarənin hədəfinin Ağ ev olduğu bildirilmişdi.

 

 

Bu hücumun məsuliyyətini “əl-Qaidə”nin üzərinə götürdüyünə dair məlumatlar yayılmışdı. Çoxlu sayda insan itkisi və dağıntıların olmasına baxmayaraq, hadisənin qurama olduğunu sübut edənlər az deyildi. Bununla yanaşı, məlum sentyabr hadisəsindən sonra ABŞ və koalisiya qüvvələri Əfqanıstana qoşun yeritdi. Rusiya da bu “hücum”dan sonra Ukraynanı yenidən raket atəşinə tutub. Mayın 4-də Kiyevin üç rayonuna raket qəlpələri düşüb. Rusiyanın raket hücumu nəticəsində Xersonun Ukraynaya aid hissəsində isə 23 dinc sakin ölüb, 46-sı yaralanıb.

 

 

İstər-istəməz yada 1987-ci il mayın 28-də keçmiş SSRİ-də sərhədçilərin peşə bayramı günündə Hamburq şəhərində doğulan, milliyyətcə alman olan Matias Rustun “Sessna” idman təyyarəsi ilə Moskvada Qırmızı meydana enməsi hadisəsi də düşür. O, istintaq zamanı ifadəsində bildirmişdi ki, “gəliş”i SSRİ ilə Qərb arasındakı gərginliyə rəmzi olaraq sülh körpüsü salmaq, soyuq müharibə adlı qorxunc bir fikrə sülh gətirmək niyyətində olub. M.Rust “Sessna” təyyarəsini “Sülh göyərçini” adlandırıb. Onda da 19 yaşlı gəncin meydana enməsi şübhəli sayılırdı. Bunun əvvəlcədən planlaşdırıldığını deyənlər, ehtimal edənlər də az deyil. Çünki bundan əvvəl 1985-ci ilin noyabrında ABŞ Prezidenti Ronald Reyqanla SSRİ lideri Mixail Qorbaçov arasında Cenevrədə görüş olmuşdu. Təyyarəyə zərər yetirilməməsi sovetlərə etibarın artmasına xidmət edirdi. M.Rustun aksiyasından üç il sonra 1990-cı il oktyabrın 3-də isə Almaniya Demokratik Respublikası (ADR) və Almaniya Federativ Respublikası (AFR) birləşdi.

 

 

Kremlə “hücumu” təşkil etməkdə məqsəd Rusiyada düşmən obrazını bütövləşdirmək cəhdlərindən də ola bilər. Bununla “ukraynalıların hətta Kremli belə vurmaq, Vladimir Putini öldürmək istədikləri” kimi fikirlərin yayılması istisna olunmur. Çünki müharibəni davam etdirmək üçün yeni amil, “səbəb”, bəhanəyə ehtiyac var.

 

Mayın 3-də gecə saatlarında Kremlə “hücum” olub. Ancaq materiallar gündüz, az qala, axşama doğru yayılıb. Əgər məsələ belə ciddi idisə, niyə informasiya gec yayılıb? Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi PUA-nı niyə Kremlin üstündə vura bilib? Bundan başqa, Moskva da daxil olmaqla Rusiyanın 32 vilayətində PUA-ların uçuşunun yasaqlanması da “düşmən”in, “terrorçular”ın uçan aparatını müəyyənləşdirməyi asanlaşdırmaq üçün atılan addım kimi təqdim edilir.

 

 

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, onlar Rusiya ərazisinə zərbələri tənqid etməyəcək. O əlavə edib ki, özünü necə müdafiə etmək və əraziləri necə qaytarmaq məsələsini Ukraynanın öhdəsinə buraxırlar: “Nəzərə almaq lazımdır ki, ukraynalı kişi, qadın və uşaq hər gün hücuma məruz qalır”. Entoni Blinken deyib ki, ABŞ Kremlə kimin hücum etdiyini bilmir.

 

Yuxarıda qeyd etdiyimiz hadisələr Kremlə “hücum”un da qurama olduğu ehtimalını irəli sürməyə əsas verir. Odur ki, Ukrayna “əl-Qaidə”, Kreml “Göydələn” və ya Ağ ev, Rusiya isə ABŞ deyil. /Report/

Mənbə

Share: