İsmayıllıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb. Milletinsesi.az DİN-ə istinadən xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Mücühəftəran kənd sakini Kamil Nəcəfov həbs olunub.
Onun üzərinə şəxsi axtarış keçirilən zaman 7 ədəd kibrit qutusunda ümumi çəkisi 20,52 qram qurudulmuş marixuana aşkar edilib.
İlkin araşdırma zamanı K. Nəcəfovun həmin narkotik vasitəni İsmayıllı rayonu Xanagah kənd sakini, əvvəllər məhkum edilmiş Nəbi Əhmədovdan 130 manata aldığı və şəhər sakini, əvvəllər məhkum edilmiş Seymur Əhmədova satmaq istədiyi məlum olub. Həmin şəxslər də şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
S. Əhmədovun üzərindən 5,31 qram qurudulmuş marixuana, N.Əhmədovdan isə K. Nəcəfova satdığı narkotik
vasitədən əldə etdiyi pulun bir hissəsi aşkar edilib. Bundan başqa Kamil Nəcəfovun Mücühəftəran kəndində yerləşən evinə baxış keçirilən zaman oradan 1 kq 100 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.