Əli Həsənovdan “Düşməndən sənə dost ola bilməz” fikrinə reaksiya

“Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə əməkdaşlığa açıqdır”.
Milletinsesi.az xəbər verir ki, bunu prezidentin köməkçisi Əli Həsənov Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan Eldar İbrahimovun adından dünən yayılan açıqlama ilə bağlı bildirib. Qeydd edib ki, həmin açıqlama sosial şəbəkələrdə və ictimai rəydə müəyyən anlaşılmazlığa səbəb olub.
“Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, həm də YAP rəhbərliyində təmsil olunan şəxs kimi bəyan edirəm ki, həm partiyamızın, həm də mövcud iqtidarın bu məsələyə münasibəti ümummilli lider, dövlətimizin və partiyamızın qurucusu Heydər Əliyev tərəfindən müəyyən edilmiş və bu gün də dəyişməz olaraq qalır.
Xatırladıram ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan ziyalılarının 1992-ci ildə mətbuat vasitəsilə ona ünvanladığı müraciətinə verdiyi cavab yeni siyasi hərəkatın və bu hərəkatın avanqard qüvvəsi olan YAP-ın manifesti olaraq qəbul edilmiş və həmin manifestdə ifadə olunmuş prinsip və meyarlar bu gün də siyasi fəaliyyətimizin əsas kredosunu təşkil etməkdədir. Heydər Əliyevin ziyalılara 1992-ci ildə ünvanlandığı həmin müraciət, əslində sadəcə yeni bir siyasi partiyanın deyil, quruculuğuna başladığımız müstəqil dövlətin gələcək siyasi-ideoloji proqramı idi.
Müraciətdə ümummilli lider Azərbaycanın bütün sağlam qüvvələrini vahid dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında birləşərək gənc, müstəqil və yeni Azərbaycan dövlətinin quruculuğuna öz töhfəsini verməyə səsləyirdi.
Hakimiyyətdə olduğu bütün müddət ərzində ümummilli lider həmişə birlik və həmrəylik ideyasına sadiq qalmış, ölkədə vətəndaş sülhü, mili birlik naminə, Azərbaycan dövlətçiliyinə xidmət etmək istəyən, hər hansı idarəçilik və intellektual keyfiyyətləri olan insanların YAP-da və YAP-ın qurduğu iqtidar komandasında təmsil olunmasına şərait yaratmışdır. Azərbaycan tarixində həm də, senzuranı ləğv etmiş rəhbər kimi ümummilli lider fərqli siyasi qüvvələrin parlamentdə birgə təmsilçiliyini, siyasi plüralizm və söz azadlığını müasir inkişafın labüd bir prinsipi olaraq qəbul etmiş, ümummilli məsələlərin siyasi opponentlərlə birgə müzakirəsini, bütün məsələlərin həlli naminə hər kəslə açıq dialoqu və əməkdaşlığı vacib saymışdır.
Belə dövlətçi-azərbaycançı yanaşma, milli həmrəyliyə sədaqət ümummilli liderin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə də ardıcıl olaraq davam etdirilir. İlham Əliyev ilk dəfə prezident seçildiyi 2003-cü ildə səsləndirdiyi “mən bütün azərbaycanlıların prezidentiyəm” açıqlaması ilə həmin prinsiplərin onun üçün də dəyişməz olduğunu ortaya qoymuşdur.
Bir daha qeyd edirəm ki, bu prinsiplər dəyişməzdir, Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə dialoqa və əməkdaşlığa açıqdır, öz siyasi rəqiblərini düşmən hesab etmir və onlarla ümummilli məsələlərlə bağlı müzakirə və əməkdaşlığı məqbul sayır. Eldar İbrahimovun adından yayılmış məlum fikirlər isə YAP-ın və İlham Əliyev iqtidarının mövqeyini əks etdirmir”.
Xatırladaq ki, ötən gün E. İbrahimovun adından yayılan açıqlamada “Xarici qüvvələrə “satıldığı” iddia edilən müxalifəti Azərbaycan iqtidarı özü zamanında “satın” ala bilməzdimi” sualını cavab olaraq aşağıdakı ifadələr yer almışdı:
“Biz onları satın alsaq belə, Azərbaycandakı inkişafı, əmin-amanlığı gözü götürməyən xarici qüvvələr var. İstəsək də, lap çox pul versək də, onlar milli maraqlarımıza xidmət etməyəcəklər. Çünki xarici qüvvələrin əlində idilər. Onların məqsədi xarici qüvvələrdən çoxlu pul alaraq, hakimiyyəti ələ keçirtmək idi.
Düzdür, bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. “Düşmən” gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir.
Share: