“Qazaxıstan məhz 2015-ci ilin Müqaviləsində təsbit edilmiş dörd azadlıq və baza prinsipləri əsasında inteqrasiyaya tamamilə sadiqdir…”
“Bizim AİB-də dünya tarixində unikal olan presedent- “iki ölkə-iki dövlət” düsturu üzrə vahid dövlət yaradılıb…”
Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Moskvada Avrasiya İqtisadi Birliyinin (AİB) forumunda bu birliyin ünvanına qeyri-adi tənqidlə çıxış edib, habelə Rusiya ilə Belarusun müşahidə edilən yaxınlaşmasını ciddi problem adlandırıb.
Moderator.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.
Tokayev öz çıxışında Avrasiya İqtisadi Birliyinin 2015-ci ildə imzalanmış Müqaviləsinin prinsiplərinin pozulması barədə bəyan edib.
Onun sözlərinə görə, Qazaxıstan “məhz 2015-ci ilin Müqaviləsi əsasında, yəni infrastruktura çıxış, ədalətli rəqabət, bərabər hüquq və milli maraqların nəzərə alınması kimi dörd azadlıq və baza prinsipləri əsasında inteqrasiyaya tamamilə sadiqdir”.
Lakin, Tokayevin fikrincə, bu prinsiplər pozulur.
“Düşünürəm ki, indi, əvvəlkitək müntəzəm olaraq yaranan çoxsaylı qarşılıqlı manelər və məhdudiyyətlər faktlarını sadalamağın zamanı və yeri deyil. Mən vəziyyəti dramatikləşdirməyin tərəfdarı deyiləm, lakin problemləri həll etmək lazımdır”, – o, deyib.
Bu bəyanat təkcə AİB-in tənqidi kimi görünməyib, həm də bundan öncə çıxış edən Rusiya prezidentinin sözlərilə təzad təşkil edib.
“Rusiya hər zaman bütün ölkələrlə qarşılıqlı əlaqələrə məsuliyyətlə və vicdanla yanaşır, biz bunu tam həcmdə, vurğulamaq istərdim, tam həcmdə və Avrasiya İqtisadi Birliyi çərçivəsində əldə olunan razılaşmaları vaxtında icra edirik”, – Putin çıxışında deyib.
Bundan başqa, Tokayev çıxışında AİB çərçivəsində Rusiya ilə mümkün inteqrasiyanın sərhədlərini müəyyən edib.
“Bizim üçün Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya, ilk növbədə, 2015-ci ilin Müqaviləsində təsbit olunduğu kimi, iqtisadi xarakter dayışır. Strategiyada xatırlanan istənilən başqa sahələrin də, heç şübhəsiz, yaşamaq hüququ var, lakin onlara iqtisadi prizmadan baxmaq lazımdır”, – Qazaxıstan prezidenti vurğulayıb.
O, ayrıca olaraq Belarusla Rusiya arasında ittifaq dövləti və onun AİB-ə təsiri məsələsinə toxunub.
“Bizim AİB-də ittifaq dövləti var, yəni dünya siyasi tarixində unikal presedent, – və ya istəyirsiniz fenomen adlandırın, – yaranıb: “İki ölkə-iki dövlət” düsturu üzrə siyasi, hüquqi, hərbi, iqtisadi, valyuta, mədəni, humanitar məkanı olan vahid dövlət yaradılıb. Həm də ittifaq hökuməti, vahid ittifaq parlamenti, mən üzr istəyirəm, iki dövlətin hətta nüvə silahı da birdir”, – Tokayev qeyd edib.
Bu sözlərdən sonra Putin yanında əyləşmiş Aleksandr Lukaşenkoya tərəf əyilərək ona nəsə deyib, sonra onlar gülümsəyərək bir-birilərinin əlini sıxıb.
Öz nitqində Tokayev AİB və Çinlə əməkdaşlığa xüsusi diqqət yetirib.
“Ötən həftə mənim Çinə dövlət səfərim olub, biz səfər çərçivəsində Sian quru limanında Qazaxıstan logistika mərkəzinin tikintisinin əsasını qoymuşuq. Biz gözləyirik ki, bu liman birbaşa konteyner qatarlarının Mərkəzi Asiya, Avropa, Türkiyə və İrana göndərilməsi üçün əsas qovşaq olacaq.
Həmçinin Baxta-Ayaqoz sahəsində ÇXR-ə ayrıca sərhəd keçidi olan dəmiryolun tikintisi planıaşdırılır. Burada biz Rusiya ilə səmərəli əməkdaşlığa ümid edirik, çünki bu layihə malların ÇXR-ə təkcə Qazaxıstandan deyil, həm də Qərbi Sibirdən daşınmasının məsafə və müddətlərini qısaldır”, – o, deyib.