Bakı Dövlət Universitetinin sabiq rektoru, AMEA üzvü Abel Məhərrəmovdan pul iddiasına qarşı məhkəmə işi üzrə qərar elan olunub. Qərara görə, BDU-nun sabiq rektoru 800 min manatdan artıq vəsaiti ödəməli olacaq.
Millətin Səsi.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində İsimxan Mirzəyev və bir neçə nəfərin iddiası üzrə keçirilən məhkəmədə Abel Məhərrəmovun işlətdiyi usta və fəhlələrin pullarını vermədiyi üzə çıxmışdı.
Belə ki, Bakı şəhəri, Süleyman Dadaşov küçəsindəki 4-mərtəbəli villa inşa etdirən Abel Məhərrəmov müqaviləyə əsasən 71 ədəd pilləkənin hazırlanması və quraşdırılmasına görə 21300 (iyirmi min üç yüz) manat (bir ədədi 300 manatdan), mansardın quraşdırılmasına görə 15000 (on beş min) manat, qapıların hazırlanması və quraşdırılmasına görə dəyəri 20000 (iyirmi min) manat, şəbəkənin (reşyotkanın) hazırlanması və quraşdırılmasına görə dəyəri 15000 (on beş min) manat; istilik sisteminin qarşısındakı alkovun (besedkanın) hazırlanması və quraşdırılmasına görə 10000 (on min) manat, sahəsi 30 kv.m olan barın quraşdırılmasına görə 9000 (doqquz min) manat (metri 300 manatdan), ümumi dəyəri 90300 (doxsan min üç yüz) manat olan işlərə görə ödəməli olduğu vəsaiti ödəməyib.
Bundan başqa rektor özünəməxsus “Mona Liza” şadlıq sarayında bar, mebel və digər işlər gördürüb. Buna görə də hesablanmış 70000 (yetmiş min) manatdan cəmi 25 min ödəyib.
Abel Məhərrəov, həmçinin Mərdəkan qəsəbəsindəki bağ evində sahəsi 44 kv. m olan kitab mebeli, mətbəx mebeli də indiyə kimi ödəniş etməyib.
Sabiq rektor daha sonra Bakı şəhəri, Şərifzadə küçəsindəki “Qlobus” bağçasında materialı ustalardan olmaqla ümumi dəyəri 80000 (səksən min) manat olan işlər gördürüb.
Burada qapıların, mebelin yığılması, çarpayıların və s. hazırlanmasına görə yalnız alınmış materialın pulu – 15000 manat ödənilib. Yerdə qalan 65000 (altmış beş min) manat ödənilməyib.
Abel Məhərrəmov ona etibar edən usta briqadasına Nabranda da “atıb”.
Belə ki, Xaçmaz rayonunun Nabran qəsəbəsinin Seyidli ərazisində “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində ümumi dəyəri 15000 (on beş min) manat olan (bir ədədi 50 manatdan) 300 ədəd qapının quraşdırılması, 4000 kv.m sahədə ümumi dəyəri 160000 (yüz altmış min) manat olan (kvadrat metri 40 manatdan) üzləmə işlərinin icrası, mebellərin yığılması üzrə ümumi dəyəri 20000 (iyirmi min) manat, barların yığılması üzrə ümumi dəyəri 15000 (on beş min) manat olan işlərin icrasına görə, ödəməli olduğu 210000 (iki yüz on min) manat əvəzinə 40 ayda cəmi 24000 manat (yemək pulu) verib.
Rektor bu günə kimi isə 186000 (bir yüz səksən altı min) manat ödəməyib.
Beləliklə, bir neçə epizod üzrə Abel Məhərrəmova qarşı 800 min manatdan artıq pul iddiası irəli sürülüb.
Dünən keçirilən məhkəmədə iddia təmin olunub.