Qatı duman və buz bağlamış avtomagistral Virciniya ştatının şərq hissəsində avtomobillərin zəncirvari qəzasına səbəb olub. 69 avtomobilin toqquşması nəticəsində 50-dən çox adam zərər çəkib. Yerli polisin məlumatına görə, onlardan iki nəfəri ağır vəziyyətdədir.
Zəncirvarı qəza Virciniya ştatının Uilyamsburq şəhəri yaxınlığında I-64 avtomagistralında baş verib. Bu barədə bazar günü axşam təşkil olunan mətbuat konfransında polis serjantı Mişel Anayya bildirib.
O qeyd edib ki, I-64 magistralındakı qəzadan dərhal sonra yolun əks zolağında daha bir qəza baş verib. Səkkiz nəqliyyat vasitəsi arasında törədilən qəza səbəbindən ştatın polisi magistrala girişi 3 saatlıq tamamilə dayandırmalı olub.
Anayya bildirib ki, hadisə yerində 51 nəfərə tibbi yardım göstərilib. Bəzi zərərçəkənlər təcili yardım maşınında dörd regional xəstəxanadan birinə çatdırılıb. York dairəsinin yanğın xidmətinin rəisi Stiven Kopçinskinin sözlərinə görə, ciddi xəsarət alan iki nəfər reanimasiyaya yerləşdirilib.
Hakimiyyət orqanları qəzanın səbəbini araşdırmaq məqsədilə təhqiqata başlayıb. (AZƏRTAC)