“ABŞ-da Ukrayna və İsrail üçün ümumi yardım paketi ətrafında ehtiraslar qızışır”

“ABŞ-da Ukrayna və İsrail üçün ümumi yardım paketi ətrafında ehtiraslar qızışır”

 

“Respublikaçılar Partiyasının üzvlərində Ukrayna və İsrailə yardımla bağlı fikir ayrılığı yaranıb…”

 

“Bu, milli təhlükəsizliyimizin dörd problemidir və biz onları vahid şəkildə həll etməliyik…”

 

ABŞ prezidenti Co Baydenin Ukrayna və İsrailə dəstək, ABŞ sərhədlərinin təhlükəsizliyinin maliyyələşdirilməsi və Tayvan qoşunlarının gücləndirilməsi üçün əlavə 106 milyard dollar ayrılması təklifi Kapitolidə böyük ixtilaflar törədib.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” jurnalı yazıb.

 

“Prezidentin sorğusu Nümayəndələr Palatasına hələ daxil olmayıb, amma Senatda Respublikaçılar Partiyasının nümayəndələri bu təklifi rədd etmək və ya kəskin surətdə dəyişməklə təhdid edib”, – məqalədə deyilir.

 

Respublikaçılar Partiyasının üzvlərində əsasən Ukrayna və İsrailə yardımla bağlı fikir ayrılığı yaranıb.

 

Bir çoxları hesab edir ki, ümumi maliyyələşdirilmə paketini ayırmaq lazımdır. Üstəlik, hətta bütün istiqamətlərdə yardım tərəfdarlarının bəziləri prezident Baydenin sorğusuna skeptik yanaşır, nəşr qeyd edir.

 

Florida ştatından olan senator Marko Rubio bəyan edib ki, İsrailə yardım böyük əksəriyyət tərəfindən dəstəklənir, ona görə də onun təsdiq edilməsi daha asan olacaq, məhz buna görə də yardım paketini Ukraynaya yardımdan ayırmaq lazımdır.

 

“Mən, sadəcə, düşünürəm ki, taktiki nöqteyi-nəzərdən bu, ən yaxşı yanaşmadır”, – o, deyib.

 

Digər respublikaçı Lindsi Qrem hesab edir ki, Baydenin sorğusunu indiki formasında təsdiq etmək lazımdır.

 

“Mən bütün paketin gerçəkləşməsini istərdim. Bu, milli təhlükəsizliyimizin dörd problemidir və biz onları vahid şəkildə həll etməliyik”, – Qrem vurğulayıb.

 

Senatın silahlı qüvvələr üzrə yüksək vəzifəli üzvü Rocer Uiker (Missisipi şratından olan respublikaçı) bəyan edib ki, o, “iki maliyyələşdirmənin birləşdirilməsini tamamilə dəstəkləyir”.

 

O, etiraf edib ki, partiyadaşları arasında bu məsələdə “parçalanma” yaranıb, lakin “Nümayəndələr Palatası və Senatda böyük əksəriyyətin prezidentin təklif etdiyi konsepsiyasına dəstək verə biləcəyini” proqnozlaşdırıb.

 

“Belə tutumlu qanun layihəsinin mürəkkəbliyi onun məhvinə gətirib çıxara bilər. Ukrayna və İsrail ətrafında mübahisələrdən savayı, Respublikaçılar Partiyası üçün Qəzza bölgəsinə humanitar yardım da problemli ola bilər, bu barədə Senatda azlığın nümayəndəsi Con Tyun bəyan edib.

 

Həmçinin respublikaçılar administrasiya tərəfindən maliyyələşmə sorğusuna əlavə olaraq sərhəd siyasətində dəyişikliklər istəyir”, – nəşr yazır.

 

Kapitolidə qızğın mübahisələri müşahidə edən Ağ ev nümayəndəsi Endrü Beyts qeyd edib ki, respublikaçılar Bayden tərəfindən sorğu edilən ümumi maliyyələşdırmə paketini nəzərdən keçirməyə deyil, öz aralarında mübarizə aparmağa üstünlük verir.

 

“Respublikaçılar Partiyası Nümayəndələr Palatasında sonu görünməyən günahkar axtarışında və təsəvvürə gətirə biləcəyimiz ən ifrat mövqelər tutmaq uğrunda yarışmada ilişib qalıb”, – CNN telekanalı Beytsin sözlərindən iqtibas gətirib.

Mənbə

Share: