ABŞ ukraynalı pilotların təlimi başa çatdıqdan sonra Danimarka və Niderlanddan “F-16” təyyarələrinin Ukraynaya ötürülməsinə rəsmən razılıq verib.
Moderator.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Məlumatda bildirilir ki, Birləşmiş Ştatlar Niderland və Danimarkaya rəsmi zəmanət verib ki, Vaşinqton “F-16” qırıcılarının təhvil verilməsi ilə bağlı bütün zəruri sorğuları onlar daxil olduqdan sonra təsdiqləyəcək.
Nəşr bildirir ki, bu yaxınlarda Danimarka və Niderland ABŞ-a müvafiq zəmanətlərin verilməsi üçün sorğu göndərib.
“Reuters” mənbələri bildirirlər ki, Dövlət Departamentinin rəhbəri Entoni Blinken Niderland və Danimarkadakı həmkarlarına məktublar göndərərək onları sorğuların təsdiqlənəcəyinə əmin edib.
“Mən ABŞ-ın həm “F-16” qırıcılarının Ukraynaya təhvil verilməsinə, həm də ixtisaslı “F-16” təlimatçıları tərəfindən ukraynalı pilotların təliminə tam dəstəyini ifadə etmək üçün yazıram”, – Entoni Blinken surəti “Reuters” tərəfindən görülmüş iki rəsmi şəxsə məktubunda belə yazıb.
Blinken həmçinin aydınlaşdırıb ki, sorğuların təsdiqi Ukraynaya “birinci pilot dəsti təlimlərini başa vuran kimi yeni imkanlarından tam istifadə etməyə” imkan verəcək.
Xatırladaq ki, daha əvvəl ukraynalı pilotların “F-16”-da təlimlərə hansı ölkədə başlayacağı məlum olub.
Bundan əlavə, biz əvvəllər məlumat vermişdik ki, Amerika Birləşmiş Ştatları avropalı müttəfiqləri ilə birlikdə ukraynalı pilotların müasir “F-16” qırıcılarında təliminə ən qısa zamanda başlanmasını təmin etmək üçün çalışır.
Onu da xatırladaq ki, dünən dünya mediasında NATO baş katibi Yens Stoltenberqin adından “F-16” qırıcı təyyarələrinin Ukraynaya verilməsi ilə bağlı hələ ki yekun qərar olmaması haqda informasiya yayılmışdı.
Baş katibin sözlərinə görə, ukraynalı pilotlar tezliklə “F-16” döyüş təyyarələrində təlimlərə başlamalıdırlar: “Amma təyyarələrin Ukraynaya verilməsi üçün ayrıca bir qərar lazımdır”.
Y.Stoltenberqin fikrincə, təlimlər “F-16” qırıcılarının tədarükünü daha da yaxınlaşdırır.
Qeyd edək ki, Ukraynanın müdafiə naziri Oliksiy Reznikov daha əvvəl qırıcılar 2024-cü ildə tədarük edilə biləcəyini bildirmişdi.
Sultan Laçın