Gömrük və Sərhəd Nəzarəti Bürosunun məlumatına görə, ABŞ ilə Meksika sərhədində tutulan qeyri-leqal miqrantların sayı ötən illə müqayisədə 2019-cu ildə təxminən 500 min nəfər artıb. Hesabatda deyilir ki, ABŞ-ın sərhəd patrulu 2019-cu ildə 851508 miqrant saxlayıb. Bu, 2018-ci ildə saxlanılanların sayını iki dəfə üstələyir.
AZƏRTAC xəbər verir ki, Gömrük və Sərhəd Nəzarəti Bürosunun əməkdaşları tərəfindən 2019-cu ildə 473682 miqrant ailəsi saxlanılıb. Bu, tarix ərzində ən yüksək göstəricidir və bundan əvvəlki ilə nisbətən 342 faiz yüksəkdir. Bu barədə Gömrük və Sərhəd Nəzarəti Bürosunun komissarı vəzifəsini icra edən Mark Morqan bildirib. Bundan başqa cari ildə 76029 müşayiət olunmayan uşaq sərhəddə tutulub. Eyni zamanda, 2018-ci ildə onların sayı 50036 nəfər təşkil edib.
Morqan, həmçinin bəyan edib ki, büronun əməkdaşları 2019-cu ildə miqrantların ABŞ-a keçirmək istədikləri 340 kiloqram narkotik maddə, 75 milyon ABŞ dolları, 1700 ədəd qanunsuz silah, həmçinin miqrantların ABŞ-dan çıxarmağa cəhd göstərdiyi 1000 ədəd silahı müsadirə ediblər. Bütün bu rəqəmlər də ötən ilki göstəriciləri üstələyir.