
Artıq yanvarın 26-dan Rusiyada olan Amerika Birləşmiş Ştatlarının Moskvadakı yeni səfiri Lin Treysi təyin olunduqdan sonra ilk dəfə bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinə gəlib. O, idarəyə ziyarəti zamanı heç bir şərh verməyib.

Moderator.az xəbər verir ki, bu haqda “TASS”-ın müxbiri məlumat yayıb.
Rusiya diplomatik departamentində L.Treysi xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb. Amerikalı diplomat ona etimadnaməsinin surətlərini təqdim edib və de-fakto öz vəzifəsinin icrasına başlayıb.
Etirazçılar(təbii ki, təşkil olunmuş-S.L.) xanım səfiri Rusiya XİN binası qarşısında gözləyiblər və “Siz niyə gəlmisiz?”, “Müharibə ABŞ üçün biznes işidir”, Tiqrlər” və “Abrams”lar eyni cür yanır”, “Amerika terrorçu ölkədir” və s. şüarları səsləndiriblər.

Treysi ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışan ilk qadındır. O, peşəkar diplomatdır. Bu yaxınlara qədər o, ABŞ-ın Ermənistandakı diplomatik missiyasına rəhbərlik edib. Noyabrın sonunda ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində namizədliyinin təsdiqinə həsr olunmuş dinləmələrdə diplomat Vaşinqtonun Moskvaya qarşı sanksiya kursu ilə razılaşdığını və anti-Rusiya tədbirlərinin daha da sərtləşdirilməsini dəstəklədiyini bildirib. O, Rusiya Federasiyasında həbsdə olan amerikalıların azadlığa buraxılmasını prioritet hesab edəcəyini qeyd edib.
Sultan Laçın