ABŞ-ın istəkləri, müharibə riskində Ankaranın göstərəcəyi qətiyyət – ŞƏRH

NATO-nun iki üzvü – Türkiyə və Yunanıstan – Egey dənizinin sərhədləri, onun üzərindəki hava məkanı, adaların hərbisizləşdirilməsi ilə bağlı iddialarını sərt ritorikalarla ortaya qoyur, diplomatik tərzin hədələrə çevrilməsi artdıqca prosesin rəngi tündləşir.

 

Hərbi güc nisbətində Türkiyə Yunanıstanı əhəmiyyətli şəkildə üstələyir, ölkənin malik olduğu ən müasir silahlar, elit briqadaları yunanlar üçün qorxulu bir röyadır.

 

Yunanıstan isə özünün yox, daha çox ona vəd verən havadarlarının dəstəyinə arxalanır. Yunanıstan NATO-nun təlimlərində “S-300” zenit-raket kompleksləri ilə Türkiyə qırıcılarını kilidləyib, yəni qırıcılara raket atılması üçün düymənin basılmasından öncəki mərhələni icra edib.

 

Əsas sual isə budur: Ankara-Afina arasındakı gərginlik kimə sərf edir?

 

Geniş planda düşünəndə Rusiya-Ukrayna müharibəsinin gedişatında NATO-ya öz “ailə”si daxilində çatlar lazım deyil, hərçənd ki, Qərb sistemində Türkiyəyə qarşı təzyiqlər az deyil.

 

Lakin inandırıcı deyil ki, NATO Türkiyə-Yunanıstan hərbi qarşıdurmasını Alyansın içərilərinə sıçrayan dərin təhlükə həddinə qədər körükləməkdə maraqlı olsun.

 

Görünür ki, ABŞ Yunanıstanda hərbi bazalarla silahlı mövcudluğunu genişləndirməyi yalnız Türkiyəyə təzyiq məqsədlərinə xidmət edən vasitəyə çevirir, bu isə Ankaranın təhlükəsizlik qayğılarını artırır.

 

ABŞ NATO vasitəsilə gərginliyi idarə etməyə çalışır, lakin qorxulusu budur ki, “xaos” idarəlounmaz bir hala gəlib çıxa bilər. Türkiyə ilə Yunanıstan arasındakı mümkün hərbi toqquşma Qərbin diqqətini bu regiona artıra və Rusiya bundan istifadə edib Ukraynadakı ambisiyalarını yeni fazaya keçirə bilər.

 

Qərbin ehtiyat etdiyi də budur, hərçənd ki, özləri də Ankara-Afina xəttinə gərginlik vermək missiyasından əl çəkmirlər.

 

Bununla belə, hərbi toqquşma riskini daxili istəklər də yaratmır, məsələ yeni dünya nizamı qurmaq uğrunda qaynayan qlobal hisslərin fonunda öz aktuallığını başqa mərhələyə keçirməsi ilə əlaqəlidir.

 

Türkiyə də, Yunanıstan da hərbi güc tətbiqindən qaçır, hələlik öz məqsədləri üçün beynəlxalq dəstəyi səfərbər edərək hərəsi öz tərəfinə çəkmək istəyir.

 

İstənilən halda, Türkiyənin də, Yunanıstanın da qırmızı xətləri mövcuddur və bunların keçilməsi müharibə ritorikasını əməli döyüşə çevirə bilər.

 

Türkiyə ordusunun gücü, zəngin inventarı, desant qüvvələri Yunanıstana layiqli cavab vermək iqtidarındadır, Yunanıstan isə adekvat cavablardan nisbətən məhrumdur.

 

ABŞ-ın Yunanıstanda hərbi aktivliyini genişləndirməsi Türkiyənin Suriyadakı maraqlarının böyüməsinə cavabdır, lakin Afina bunu Ankaraya qarşı döyüş ruhuna çevirmək inancına qapılmamalıdır.

 

Türkiyənin suverenlik, ərazi bütövlüyü, müstəqilliklə bağlı idealları elə sarsılmazdır ki, özünə qarşı istənilən hücumu dəf edib rəqibi geri oturda bilər.

 

Aqşin Kərimov

 

Mənbə

Share: