ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya əlavə “HIMARS” raket artilleriya sistemləri və onlar üçün sursat verməyə hazırlaşır.
Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ağ Evdə keçirdiyi brifinqdə bildirib.
O, ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımını davam etdirəcəyini vurğulayıb:
“Bu həftənin sonunda administrasiya Ukrayna üçün növbəti silah və texnika paketini elan edəcək. Bu, prezident vəzifəyə başlayandan bəri Ukraynaya dəstək üçün on altıncı belə yardım olacaq. Paketə ukraynalıların çox səmərəli istifadə etdiyi daha yüksək mobil müasir HIMARS raket sistemləri daxil olacaq”, – deyə C.Kirbi vurğulayıb.
O, həmçinin bildirib ki, yeni yardım paketi Ukraynaya reaktiv buraxılış raket sistemləri üçün mərmi və sursatların verilməsini nəzərdə tutacaq.