ABŞ və Rusiyanın baş kəşfiyyatçıları danışıqlar APARDI

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə “New York Times” və “Wall Street Journal” qəzetləri məlumat yayıb.

 

Telefon danışığının dəqiq nə vaxt baş tutduğu məlum deyil. Nəşrlər söhbətin bu həftə olduğunu yazıb.

 

Məlumata görə, Börns ABŞ-ın “Vaqner” muzdlularının qiyamında heç bir rol oynamadığını bildirib.

 

Xatırladaq ki, iyunun 24-də “Vaqner” muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı “Vaqner” rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. “Vaqner” döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün “Vaqner”in geri çəkiləcəyini bildirib. 

 

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirib.

Mənbə

Share: