Abşeron sakini 16 kq narkotiklə tutuldu

Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Abşeron Rayon Polis İdarəsinin (RPİ) Qobu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Milletinsesi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bölməyə rayonun Qobustan kəndi ərazisində Niyazi Məhərrəmovun yaşadığı evin həyətində istixanada narkotik tərkibli çətənə kollarını əkdiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb.

Həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Niyazi Məhərrəmov iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıb. Onun çətənə kollarını əkdiyi istixanaya baxış zamanı ümumi çəkisi 14 kq olan 18 ədəd narkotik tərkibli çətənə bitkisi və həyətdə yerləşən yarımtikilidən 2 kq artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Qobu PB-də toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Niyazi Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.

Share: