
Milletinsesi.az xəbər verir ki, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində binanın zirzəmisini su basıb.
Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.
Onlar bildiriblər ki, bina 1-in zirzəmisində su hər gün, hər saat daha da qalxır:
“Hər yerə müraciət edilib, ancaq heç kim maraqlanmır. Hara müraciət edilirsə, heç yerdən xəbər yoxdur. Lift artıq işləmir. İşıq şitləri hər dəqiqə partlaya bilər. O da bina sakinlərinin işıqsız qalması ilə nəticələnəcək. Bina ümumiyyətlə təhlükəli vəziyyətdədir. Həm bünövrəsi, həm də insanların gigiyenik cəhətdən sağlamlığı. Qoxuya görə bloka girmək olmur”.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan binada zirzəmiyə suyun dolması tullantı su şəbəkəsində tutulma ilə bağlıdır:
“Məişət tullantılarının xətlərə atılması şəbəkələrin vaxtaşırı tutulmasına səbəb olur. Sakinlərdən xahiş olunur ki, kanalizasiya xətlərinə tullantı suyundan kənar əşyalar məişət tullantıları (salfet və s.) atmasınlar. Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası ərazidədir, xəttin açılması və şəbəkənin fəaliyyətinin bərpası istiqamətində işlər görülür”.
Aygün Mirakif