Abşeronda su kanalına çirkab axıdılır (FOTO)

“Abşeron Suvarma kanalı Novxanıdan Zirəyə qədər Bakı və Abşeronun kəndlərini bir-bir keçərək yarımadanın əkin sahələrini su ilə təmin edir. İlk dəfə görəndə elə bildim su maşınıdır. Diqqətlə baxanda, onun su götürmədiyini, əksinə kanala çirkab axıtdığını anladım. Şəklini çəkəndə az qala maşını üstümə sürəcəkdi”.

Millətin  Səsi.az-ın pravda.az-a istinadən xəbərinə görə, bunu sosial şəbəkədə Kamil Piriyev adlı istifadəçi yazıb.

“Başa salanda ki, bu sudan kanal boyu içənlər də var, cavabı bu oldu “hamı belə edir”. Abşeron suvarma sistemləri idarəsinə 1 ay öncə şikayət yazdım. Hələ cavab yoxdur. Maştağa üzrə ərazidəki post-patrul xidmətinin əməkdaşlarına şikayət etdim, onlar da aciz olduqlarını dedilər. “Biz olmayanda gizlin gəlib edirlər”. Bu gün şəkilləri Tərəvəzçilik elmi tədqiqat institunun mütəxəssisinə göstərdim. Belə tullantının (Bakı kəndlərinin əksəriyyətində kanalizasiya olmadığından tualetlər anbar kimi tikilir və dolanda bu maşınlar onun içini sorub sonra belə axıdırlar) fəsadları nə ola bilər soruşdum. Koronavirus onun dedikləri yanında qələt edir. Bakı və Abşeronda min hektarlarla ərazi, istixana, badam, zeytun bağları bu su ilə suvarılır”.

Share: