Xəbər verdiyimiz kimi, sabah AFFA-nın növbədənkənar Konfransı keçiriləcək.
Qurum bu gün rəsmi saytı vasitəsi ilə yaydığı açıqlamada bildirib ki, Konfransın gündəliyində duran əsas məsələ AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılması olacaq.
Bəs, nizamnaməyə təklif olunan məsələlər nədən ibarətdir?
AFFA-nın saytı yaydığı açıqlamada bu haqda məlumat verməyib.
Assosiasiyanın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla da Qol.az-a açıqlamasında bu haqda danışmayıb. O bildirib ki, bununla bağlı konfrans nümayəndələrinə məlumat verilib. “Nizamnaməyə əlavə və dəyişikliklər hələ qəbul edilməyib. Məsələ konfransda müzakirə olunacaq və yalnız bundan sonra qərarın qəbul edilib-edilmədiyi bəlli olacaq”.
AFFA rəsmisi yalnız bundan sonra ictimaiyyətə məlumat veriləcəyini bildirib.
Konfrans nümayəndəsi olan AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov bununla bağlı heç bir açıqlama verməyib. O, Qol.az-ın əməkdaşı ilə söhbətində etiraf edib ki, bu məsələ məxfi saxlanılır.
“Bunu sabah açıqlayarıq. Nizamnaməyə əlavə və dəyişikliklərə razılıq veriləndən sonra bu məsələ İcraiyyə Komitəsində təsdiq ediləcək” – deyə o bildirib.