Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş şəhər sakini 44 yaşlı Qadir Məmmədov saxlanılıb. Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunub. Davam etdirilən tədbirlərlə Q.Məmmədova məxsus evdən və həyətdəki toyuq hinindən 18 ədəd kibrit qutusunda, sellofan torbalarda ümumi çəkisi 400 qrama yaxın qurudulmuş marixuana, 3 ədəd kisədə çəkisi 2 kq 655 qr narkotik vasitə olan qurudulmayan marixuana, eləcə də bir ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.