Ağdaşda iri və xırdabuynuzlu heyvanlar naməlum şəraitdə tələf olur

Ağdaşda iri və xırdabuynuzlu heyvanlar arasında tələfat qeydə alınıb.

 

“Report” xəbər verir ki, hadisə Yenicə kəndindən olan fermerə məxsus təsərrüfatda baş verib.

 

Rayon sakini Ramin Bəndəliyev təsərrüfatında olan heyvanları örüş sahəsindən qaytardıqdan bir neçə saat sonra onlardan 2 baş qoyunun öldüyünü görüb. Daha sonra fermer digər qoyunların da halsız vəziyyətdə olduğunu müşahidə edib. Fermer sahə baytar həkiminə müraciət edib. Əraziyə cəlb olunaraq müayinələrə başlayan sahə baytar həkimlərin ilkin ehtimalına görə, qoyunlar zəhərləniblər.

 

Bundan sonra digər 100-ə yaxın qoyun və keçiyə də baytar həkimin məsləhəti ilə dərmanlar verilib. Eyni zamanda Ağdaş Rayon Baytarlıq İdarəsi tərəfindən heyvanların saxlanıldığı ferma dezinfeksiya edilib. Daha sonra Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri də fermaya gələrək ölmüş heyvanlardan nümunələr götürüblər və Agentliyin laboratoriyasına göndəriblər.

 

Analizlərin cavabından sonra heyvanların ölümünün dəqiq səbəbləri məlum olacaq.

 

Qeyd edək ki, ölmüş heyvanlar dezinfeksiya olunaraq basdırılıb. Təsərrüfat sahibinin sözlərinə görə, 2 gün öncə ona məxsus 1 baş camış da eyni şəraitdə ölərək tələf olub.

 

Mənbə

Share: