Aİ və “Şərq Tərəfdaşlığı” ölkələri nəqliyyat sahəsində birgə bəyannamə qəbul ediblər

Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” proqramına üzv altı ölkənin nümayəndələrinin ötən gün Lüksemburqda keçirilən görüşünün yekununda nəqliyyat sahəsində əməkdaşlığı gücləndirməklə bağlı birgə bəyannamə qəbul edilib.

APA Avropa İttifaqı Şurasının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə nəqliyyat və loqistika, həmçinin Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələri arasında nəqliyyat əlaqələrinin inkişafı məsələsi müzakirə edilib.

Bəyannaməyə əsasən, görüş iştirakçıları 2017-ci ilin noyabr ayında baş tutan Şərq Tərəfdaşlığı sammitindən bu yana Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələri arasında əməkdaşlığın inkişafını qəbul edir və “Şərq Tərəfdaşlığı” Nəqliyyat Panelinin nəticələrini regional nəqliyyat dialoqunun gücləndirilməsinə yönəlmiş effektiv bünövrə kimi tanıyır.

Görüş iştirakçıları həmçinin Aİ Komissiyası tərəfindən müəyyən edilmiş və 2019-cu il martın 6-da qüvvəyə minmiş qaydaları Avropa İttifaqı Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) və Avropa Qonşuluq Siyasətinin vacib nailiyyəti kimi alqışlayırlar.

Bəyannamədə Şərq Tərəfdaşlığı ölkələrinin bütün nəqliyyat sahələrinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılmasını təmin edən mövcud assosiasiya və ikitərəfli sazişlər bir daha xatırladılıb.

Share: