Türkiyədə İYİ Partiyanın sədri Meral Akşener növbəti il keçiriləcək bələdiyyə seçkilərindən danışıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyasətçi partiyasının seçki strategiyasının detallarına toxunub.
“Ölkənin hər yerində – 81 vilayətin hamısında namizəd çıxaracağıq. İstanbul və Ankara da daxil olmaqla, bütün bələdiyyələr üzrə öz namizədlərimiz olacaq”, – o qeyd edib.
Jurnalistin “İstanbul və Ankaranın müxalifətin əlindən çıxmasını gözə alırsınızmı?” sualına Akşener belə cavab verib: “Hər şeyi gözə alırıq. Nə bilmək olar, bəlkə elə bizim namizədimiz qələbə çalacaq?”.
Xatırladaq ki, seçkilərlə bağlı əvvəlki açıqlamasında İYİ Partiya sədri müstəqil şəkildə iştirakdan danışsa da, bəzi yerlərdə əməkdaşlığa açıq olduqlarını da vurğulamışdı.
Qeyd edək ki, Türkiyədə yerli seçkilərin 31 mart 2024-cü ildə keçirilməsi nəzərdə tutulub. Ötən bələdiyyə seçkilərində – 2019-cu ildə İYİ Partiya Millət İttifaqı çərçivəsində iştirak etmişdi və müxalifətin seçki bloku əsas şəhərlərdə qələbə qazanmışdı.
Maydakı son prezident və parlament seçkilərində də müxalifətin əməkdaşlığından sonra Millət İttifaqı dağıldı.
Bu xəbər ilə bağlı
Türkiyədə növbəti seçkilərə 7 ay qalır – Bələdiyyələrə kimlər bələd olacaq…