Ali Attestasiya Komissiyasının bir qrup dissertantı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Millətinsəsi.az xəbər verir ki, dissertantlar Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasının Konstitusiyasına zidd qərar çıxarmasından şikayətçidir. Müraciəti olduğu kimi təqdim edirik:
Hörmətli Mehriban xanım!
Sizə bu məktubu yazmağımızın səbəbi Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasının Konstitusiyasına zidd qərar çıxarması və onun yaratdığı ciddi narahatlıqdır.
Bir ildir ki, dissertasiya şuraları Ali Attestasiya Komissiyası tərəfindən buraxılmış və iddiaçıların işlərinə baxılması dayandırılmışdı. Halbuki o zaman qüvvədə olan əsasnaməyə görə, dissertasiya şurası sənədlərin qəbul olunduğu gündən iki ay müddətində fəlsəfə doktorluğu dissertasiyalarının müdafiəsinin təşkili haqqında qərar qəbul etməlidir.
Nəhayət, bu yaxınlarda şuraların bir çoxu fəaliyyətə başladı. Lakin itirilmiş həmin bir ili təzmin etmək, mümkün qədər qısa müddət ərzində müdafiələri təşkil etmək əvəzinə, Ali Attestasiya Komissiyası haqsız, qanunazidd qərar çıxardı. Komissiyanın Rəyasət Heyətinin 13 dekabr 2019-cu il 13-R nömrəli qərarının 4-cü bəndinə əsasən 2019-cu il 11 iyun tarixində qəbul edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla 11 iyun 2019-cu il tarixinədək elmi seminardan keçmiş hər bir dissertasiya işi isə yenidən elmi seminardan keçməlidir.
Bu qərar Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndində deyilir:
“Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.”
Yeni əsasnamə vəziyyəti yüngülləşdirmədiyinə, əksinə, ağırlaşdırdığına görə geriyə şamil edilə bilməz. Ağırlaşdırıcı hallar aşağıdakılardır:
1. Əvvəlki əsasnamədə avtoreferatın ingilis dilinə tərcüməsi nəzərdə tutulmamışdı, yenisində isə mütləqdir. Bu isə böyük maliyyə vəsaiti (1 səhifənin tərcüməsi 20, redaktəsi isə 10AZN-dir) və vaxt tələb edir.
2. Dissertasiyanın minimal həcmi xeyli artırılmışdır. Əvvəlki əsasnamə ilə fəlsəfə doktorluğu dissertasiyaları üçün tələb olunan həcm 100-150 səhifə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və istifadə olunmuş ədəbiyyatın siyahısı istisna edilməklə) idisə, yeni əsasnamə ilə bu həcm də iki yüz – iki yüz qırx min işarəyə qədər (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna edilməklə) artırılmışdır. Bu isə ən azı 130 səhifə deməkdir. Bu isə ən azı 130 səhifə deməkdir.100-120 səhifəlik dissertasiya yazanlar yenidən bir neçə ay tədqiqat aparıb dissertasiyalarının həcmini artırmalıdırlar. Əvvəkli əsasnaməylə orta həcmli 130 səhifəlik dissertasiya isə indi minimal sayılacaq və mənfi hal kimi qiymətləndiriləcək.
3. Əvvəlki əsasnamədə elmi konfransda iştirak mütləq deyildi, konfranslar üçün say da göstərilmirdi, yəni bir elmi konfransda iştirak kifayət edirdi, yeni əsasnaməyə görə isə fəlsəfə doktorluğuna iddiaçının azı 3 elmi konfrasda məruzə ilə iştirakı zəruridir;
4. Əvvəlki əsasnamədə beynəlxalq elmi konfrasın xaricdə olması şərti yox idi, əksər doktorantlar Azərbaycanda keçirilən beynəlxalq elmi konfranslarda iştirak edirdi. Yeni əsasnamədə isə iddiaçıların iştirak etməli olduğu beynəlxalq elmi konfransların azı biri xaricdə olmalıdır;
5. Əvvəlki əsasnamə ilə 2 opponent rəyi tələb olunduğu halda, yeni əsasnaməyə görə bu say 3-ə qaldırılmışdır;
6. Əvvəlki əsasnamədə fəlsəfə doktorluğu üçün xarici ölkələrdə nəşr edilən nüfuzlu jurnallarda 1 məqalə tələb edilirdi, yeni Əsasnamədə isə dəqiq və təbiət elmləri üzrə bu rəqəm 2-yə artırılıb.
7. Əvvəlki əsasnamədə məqalələrin həmmüəllifsiz olması şərti yox idi, yeni Əsasnamə ilə ən azı ikisi həmmüəllifsiz olmalıdır.
8. Yeni əsasnamədə elmi dərəcələr verilməsinə dair Ali Attestasiya Komissiyasına təqdim edilməli olan sənədlərin siyahısı 20-dən (Əlavə 1.19) 33-ə qaldırılmışdır.
AAK-nın iddia etdiyi 1-2 “yüngülləşdirici” hal isə bizə aid deyildir. Məsələn, minimum imtahanlarının azaldırması bizə aid deyil, çünki biz artıq minimum imtahanlarını tam vermişik. Aparıcı təşkilatın ləğvi də təkrar seminarın ağırlığı ilə müqayisəyə gələ bilməz. Aparıcı təşkilat yüngül prosedur idi, tədqiqatçılar növbədə gözləməli olmurdu və 20-dən çox sənəd toplamalı deyildi. Yeni əsasnamədə aparıcı təşkilatın rəyi əvəzinə 3-cü opponent müəyyənləşdirilmişdir, yəni bu da sadəcə əvəzləmədir.
Göründüyü kimi, Əsasnamədə bizim üçün – müzakirə və seminar mərhələlərini keçmiş şəxslər üçün heç bir yüngülləşdirici hal nəzərdə tutulmamışdır. Bizdən sonra gələnlər üçün isə yüngülləşdirici hal minimum imtahanlarının sayının azaldılmasıdır. Biz isə dövrümüzdə olan əsasnamənin bütün tələblərinə əməl etdiyimiz halda, AAK-nın müvafiq qərarı ilə eyni prosedurları yeni Əsasnamənin tələblərinə uyğun olaraq yenidən yerinə yetirməliyik. Yəni, iki əsasnaməyə əməl etmiş olacağıq. Bunu heç bir şəkildə ədalətli, yaxud “yüngülləşdirici” hal hesab etmək olmaz. Əksinə, bu, ağırlaşdırıcı hal olmaqla Konstitusiyaya ziddir.
Bizi sonuncu keçdiyimiz qanuni prosedurdan təkrar keçməyə nə səbəbə məcbur edirlər?
AAK-nın şuraların fəaliyyətini bir il dayandırmasına görə vaxtı hədər gedən iddiaçılara bu qərarı şamil etməsi heç bir məntiqə sığmır.
Tədqiqatçıların heç biri təkrar seminardan çəkinmir. Hər kəs öz dissertasiyasını yüksək səviyyədə müzakirəyə çıxaracağından əmindir. Lakin növbədə daha bir il gözləmək (bəzi şuralarda iddiaçıların sayı az olduğuna görə növbə qısa ola bilər, əksər şuralarda isə uzun növbələr vardır) və 15-dən çox sənədi yenidən hazırlamaq, hədsiz süründürməçiliklərlə yenidən qarşılaşmaq doktorantları bu haqsız qərara qəti etiraz etməyə məcbur edir. AAK şifahi şəkildə bildirir ki, “təkrar müzakirələr tez keçiriləcək, bir il növbədə gözləməyəksiniz. Təkrar müzakirələrə gələnləri önə salacaqlar”.
Lakin təkrar seminara getməli olanların sayı hər şurada o qədər çoxdur ki, bu növbənin özü ən azı 1 il çəkəcəkdir. Məsələn, ADU-dakı Dissertasiya şurasında növbədə olan 46 nəfərin ayda ən yaxşı halda 4 nəfərinin seminarı keçirilərsə və Şuranın yay tətilində iki ay yarım fəaliyyət göstərməyəcəyi də nəzərə alınarsa, növbədə 1 il 3 ay gözləmək lazım gələcək.
Bundan başqa, AAK bildirir ki, seminar üçün toplanmış sənədlərin təkrar seminarın tarixinə uyğun gəlməsi üçün onlar yenidən hazırlanmalıdır və guya bu işi elmi katiblər edəcəklər. Elmi katiblərin hər bir doktorant üçün 15-dən çox sənədi yenidən hazırlaması fiziki cəhətdən mümkün deyildir.
AAK tövsiyə edilən dövri elmi nəşrlərin siyahısını da dəyişdirmişdir və əvvəllər icazə verdiyi elmi nəşrlərdə dərc olunmuş məqalələrimiz də nəzərə alınmır, bildirlər ki, dissertasiya ilə bağlı məqalələr yeni siyahıdakı elmi nəşrlərdə çap etdirilməlidir. Dissertasiyalarımızın məzmununu tam əhatə edən məqalələrimiz artıq çap olunmuşsa, indi nə çap etdirməliyik?
Eyni məqaləni də təkrar etmək olmaz. Hətta həmin məqalələri yenidən AAK-nın tələb etdiyi nəşrlərdə çap etdirmək istəsək belə, buna bir neçə il lazımdır. Bundan başqa, yeni məqalələr əlavə maliyyə vəsaiti tələb edir. Bundan başqa, AAK-nın öz tələbləri belə yeni əsasnaməyə uyğun gəlmir, təzad yaranır: Əsasnamə ilə məqalələr dissertasiyanın ilkin müzakirəsinə 1 ay qalmışa kimi çap olunub bitməlidir. Bizdə isə bu proses çoxdan bitib. Göründüyü kimi, gənc tədqiqatçıları AAK öz qanunusuz istəklərinin quluna çevirmək yolunu tutmuşdur.
Yeni əsasnamə 2011-ci ildən başlayaraq qəbul olunmuş doktorantlara şamil edilirsə, o halda bizimlə eyni vaxtda qəbul edilmiş, lakin müxtəlif yollarla tez bir zamanda müzakirələrdən keçib diplomlarını almış şəxslərin də diplomları ləvğ edilməli, onlar da təkrar müzakirələrdən keçməlidir.
Bunlar azmış kimi, etiraz edən və Prezidentə müraciət edən doktorantlar barədə AAK planlar hazırlayır.
Təəssüf doğuran məqamlardan biri də odur ki, AAK-nın Rəyasət Heyəti vətəndaşların hüquqlarını pozan və vəziyyətlərini ağırlaşdıran qeyri-qanuni Qərarına hüquqi don geyindirmək üçün hər bənddə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanının adını çəkir və bu qərarın Fərmana uyğun olduğunu bildirirərək məsuliyyəti öz üzərlərində atmağa çalışırlar.
Əslində isə adı çəkilən Fərmanda yeni Əsasnamə 11 iyun 2019-cu il tarixində təsdiq edilir, ancaq geriyə şamil edilməsi göstərilmir. Deməli, Əsasnamə imzalandığı gündən qüvvəyə minir və həmin tarixdən sonraya şamil edilir. AAK-nın hər dəfə hörmətli Prezidentimizin adından yanlış istifadə etməsi doğru deyildir.
Gənc alimlər Azərbaycan elminin inkişafına xidmət edirlər, onlar ömrünün təxminən on ilini buna sərf etmişlər. Lakin AAK Azərbaycan elminin inkişafına dəstək olmaq əvəzinə, tədqiqatçılara yeni-yeni problemlər yaratmaqla onları elmdən uzaqlaşdırır. Gənc tədqiqatçılardan min bir əziyyətlə keçdikləri mərhələləri yenidən keçməyi tələb etmək həm onlara, həm də elmi seminarların, dissertasiya şuralarının üzvlərinə qarşı böyük hörmətsizlikdir.
Biz insan hüquqları və Konstitusiyanın ali olduğu hüquqi dövlətdə yaşayırıq. AAK qərar verərkən tədqiqatçıların haqq və hüquqlarını nəzərə almalı idi. Bu qərar qanunazidd şəkildə qüvvvəyə mindiyi andan biz – böyük sayda gənc tədqiqatçı və bizimlə həmrəy olan alimlər Prezident Aparatına, AAK-ya və başqa müvafiq qurumlara dəfələrlə müraciət etsək də, səsimizə səs verən yoxdur. Hamı susur. Mediada da etirazlar böyüyür. Cənab Prezidentə və Sizə ünvanladığımız məktublar isə Sizə çatdırılmır və haqqında şikayət etdiyimiz AAK-ya göndərilir. Bu isə Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 7.13 bəndinə ziddir (Maddə 7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır). AAK-dan isə hər dəfə əsası olmayan və bizi qane etməyən cavablar verilir. Ancaq doktorantlar əmindirlər ki, məsələdən hörmətli Prezidentimiz Cənab İlham Əliyev və Siz, respublikanın I Xanımı xəbərdar olsanız, mütləq haqqın tərəfini tutacaq və AAK-nın Konstitusiyaya zidd, ədalətsiz qərarının qarşısını alacaqsınız. Sizlərin illərdir elmə, təhsilə göstərdiyiniz qayğı və diqqət göz qabağındadır.
Hörmətli Mehriban xanım,
AAK-nın bu problemi həll etmədiyini və etmək istəmədiyini bildirərərək, Sizdən onu öz nəzarətinizə götürməyinizi və ehtiyac olarsa, bizlərlə görüşməyi xahiş edirik.
Hörmətli Mehriban Xanım!
Biz, aşağıda imza edənlər Sizdən AAK-nın Rəyasət Heyətinin Prezident Fərmanına və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun gəlməyən, elmin inkişafını stimullaşdırmayan, mövcud qanunvericiliyə uyğun qanuni prosedurlardan keçmiş tədqiqatçıların vəziyyətini süni surətdə ağırlaşdaran, etirazlara rəvac verən və ölkədə aparılan islahatlara kölgə salan 13 dekabr 2019-cu il 13-R nömrəli qərarı ilə pozulmuş hüquqlarımızın bərpasına kömək etməyinizi xahiş edir, göstərəcəyiniz dəstəyə görə bütün vicdanlı elm adamları və ümumən ictimaiyyət nümayəndələri adından Sizə əvvəlcədən sonsuz minnətdarlığımızı bildiririk.
1.
- AAK-nın Rəyasət Heyətinin 13.12.2019 tarixli 13–R saylı protokolundan çıxarış – 1 səh.
Dərin hörmətlə,
- Ağayeva Mənsurə Tiflis qızı – BDU;
- Alıyev Xətai Şahin oğlu – UNEC – ADİU;
- Aliyeva Ülviyyə Xaliqverdi qızı – BDU;
- Abbasova Elnurə Alim qızı – AMEA Nəsimi adına Dilçilik İnstitutu;
- Babayev Elvin Əliyar oğlu – AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu;
- Bağırova Nigar Xanlar qızı – ADU;
- Cəfərzadə Vüsalə Nofəl qızı – BDU;
- Eyvazov Pərvin Eyvaz oğlu – BDU;
- Əhmədova Xəyalə Ramiz qızı – ATMU;
- Əhmədova Zəhra Mirzəağa qızı – BDU;
- Ələskərova Yeganə İlyas qızı – BDU;
- Əliyev İlham Baxış oğlu – BDU;
- Əliyeva Günel Surxay qızı – BDU;
- Əmrahova Lianna Hüsü qızı – AMEA Nəsimi adına Dilçilik İnstitutu;
- Əzimova Aidə Yaşar qızı – BDU;
- Əzimzadə Yaqut Mustafa qızı – ARTİ;
- Fərəcov Anar Tofiq oğlu – BDU;
- Fətəliyeva Nərminə Arif qızı – Xəzər Universiteti;
- e.d. prof. İ.Ə. Abbasov;
- e.d., prof. H.M. Zərbəliyev;
- Hacıyeva Nigar Məhəmməd qızı – BDU;
- Hüseynova Nailə İsmixan qızı – ADU;
- Hüseynova Sevda Elbrus qızı – ARPDİA;
- Xanalıyeva Aysel Fazil qızı – BDU;
- İskəndərova Sevda Məlik qızı – BDU;
- İsmayılova Tamam Əli qızı– BDU;
- Kazımova Aytən Fizuli qızı – ADU;
- Qasımova Nərmin İsa qızı – BSU;
- Quliyev Samid Qənbər oğlu – AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu;
- Qurbanova Mətanət Qəhrəman qızı – ATRİ;
- Qurbanova Rəna Oruc qızı – ATRİ;
- Mehraliyeva Ülviyyə Tacir qızı – BDU;
- Məmmədəliyeva Leyla Fərhad qızı – Azərbaycan Universiteti;
- Məmmədova Sevil Eləsgər qızı – ADU;
- Mikayılova Könül Vaqif qızı – ARTİ;
- Mirzəyeva Aytəkin Rəfi qızı – BDU;
- Mollayeva Könül Rəşid qızı – ARTİ;
- Orucova Elnarə Məhərrəm qızı – ADPU;
- Rəcəbova Südabə Şəmsəddin qızı – AMEA Nəsimi adına Dilçilik İnstitutu;
- Salahov Fariz Rafiq oğlu – AMEA İqtisadiyyat İnstitutu;
- Sultanova Samirə Xəqani qızı – GDU;
- Vahabov Emil Eminağa oğlu – AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu.
P.S. Yazıdakı faktlarla bağlı məsul şəxslərlə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəfi də dinləyib, münasibətin ictimailəşdirməyə hazırıq.