“Bələdiyyələr barədə problemlərə nəzər salsaq görərik ki, bu gün bələdiyyələrin maliyyə imkanları aşağıdır”.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.
Onun sözlərinə görə, bələdiyyələrin maliyyə resursları ilə bağlı problemlər var.
“Bəzən bələdiyyələrin tərkibində obyektlərin sayı düzgün hesablanmır. Əgər hesablanarsa, onlardan gələn vergi ilə müəyyən maliyyə balansı toplana bilər. Düzdür, bəzən bələdiyyələrin maliyyə resurslarından düzgün istifadə etmə halları da var. Amma qeyd edim ki, bələdiyyələrin tərkibində xeyli dəyişiklik olub. Əvvəlki illərdə ali təhsilli bələdiyyə sədri tapmaq olmurdu. İndi isə vəziyyət dəyişib. Artıq onların tərkibi dəyişib, savadlı insanlar cəlb edilib. Birdən-birə bələdiyyələrin üzərinə də böyük məsuliyyətlər qoymaq olmaz. Bu zaman onlar çıxılmaz vəziyyətə düşəcəklər”, – deyə nazir müavini vurğulayıb.