“Aliyə xanım deyirdi ki, heç kimə cavab vermə, cavab verməyəndə də deyirlər ki, dili yoxdur”

“Aliyə xanım deyirdi ki, heç kimə cavab vermə, cavab verməyəndə də deyirlər ki, dili yoxdur”

“Aliyə xanımın evinə onsuz ayaq basmaq mənim üçün ağır idi”

 

“Aliyə xanımla bağlı xatirələrim çoxdur. O mənim yaddaşımda hər zaman gülərüz, mehriban, heç nədən narazı olmayan, çox xoşbəxt bir mələyimiz kimi qalacaq. Aliyə xanım mənim müəllimim olub. Məni rəqs sənəti ilə tanış edib. Həyatımda, Fatimə Fətəliyeva olmağımda, ayaq üstə durmağımda böyük dəstəyi olub. Dünəndən etibarən heç də yaxşı deyiləm. Özümə gələ bilmirəm. Aliyə xanımın evinə onsuz ayaq basmaq mənim üçün çox ağır idi. Toparlandım, getdim, son dəfə divardan asılan şəkillərinə baxdım. Hər zaman arxamda bir dağ kimi dayanırdı. Sənət yeni başlayırdım, çox insanlar məni tənqid edəndə Aliyə xanım müdafiə edirdi. Qoymurdu ki, kimsə məni əzsin, nəsə bir söz desin. Çünki o mənim əziyyətlərimi görmüşdü. Sanki qoruyucu bir mələyim idi” 

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış rəqqasə Fatimə Fətəliyeva deyib. Sənətçi daha sonra Aliyə Ramazanovanın ona etdiyi tövsiyyələrdən danışıb.

“İncəsənət aləmi, ələxsus da rəqs sənətində hər zaman intriqalar, qalmaqallar olub. Amma Aliyə xanım o qalmaqallardan, söz-söhbətlərdən hər zaman uzaq olub. Mənə də tövsiyyə edirdi ki, Fatimə heç kimə fikir vermə, yalnız irəli get, öz üzərində işlə! Deyirdi ki, həmişə yaxşı, qabaqda gedən insanları əzmək istəyirlər. Mənim də vaxtımda həmişə olub, paxıllığımı çəkiblər. Aliyə xanım səhnəyə çıxanda çox gözəl, göyçək idi, səhnədə mələk kimi işıq saçırdı. Əslində Aliyə xanım hardasa düz deyirdi, amma elə şeylər var ki, insan gərək cavab versin ki, o adamları yerində otuzdursun. Cavab verməyəndə də deyirlər ki, dili yoxdur. Aliyə xanımın qəlbi o qədər gözəl idi ki. Çox təmkinli insan idi. Ruhu şad olsun. Kövrək biri idi. İnsanın hər bir dərdinə qulaq asardı, dərdləşərdi, hər bir məqamda dəstək olardı. Bu dünya fani dünyadır, hamımız tərk edəcəyik, geci-tezi var. Amma onun kimi insanların dünyadan köçməsi qəbul edilməzdir. Aliyə xanım kənardan həmişə xoşbəxt görünürdü, problemlərini gizlədirdi. Amma onun da sənət, şəxsi həyatında o qədər problemləri var idi ki, heç kimə heç vaxt bildirməyib. Pozitiv idi” deyə Fatimə Fətəliyeva bildirib.

Mənbə

Share: