ALIYEV CABBAR: “713-LƏ LAÇINA DOĞRU”

“Zabit yeri yox idi, dedim ki, sıravi kimi göndərin”

 

1992-ci il 18 mayda Laçının işğalından sonra hamı kimi biz də öz yerimizdən didərgin düşüb Bakıya Qaradağ rayonunun Sahil qəsəbəsinə gəldik. Mən bunu qəbul edə bilmirdim. Qalmağa yerimiz də yox idi. Bizim kəndin əhalisini Sahil qəsəbəsində internat məktəbində yerləşdirdilər. Eşitdim ki Вünyad Sərdarovda Laçını azad etmək üçün könüllülər yığırlar. Ertəsi gün ora yollandım. Hərbi geyimdə iki kişi və iki gadın oturmuşdu. Mən hərbi biletimi onlara uzatdım. Hərbi biletimə baxıb mənə dedilər ki, boş zabit yerimiz yoxdur. Dedim ki, sıravi kimi göndərin. Beləcə forma verdilər.

 

Səhərisi gün kəndimizdən Şəmi, Akif, Mirələm, Şükür də gəlib könüllü yazıldılar. Onu da qeyd edim ki onlar hamısı Sahil qəsəbəsində yaşayırdılar. Elə həmin gün məni 3-cü vzvoda komandir təyin etdilər. Bizi Üçtəpə təlim düşərgəsinə gətirdilər. Bir kapitanı bizə rota komandiri kimi təyin etdilər. Ancaq o bizə demək olar ki heç bir hərbi təlim keçmədi. Üçtəpədə olduğumuz müddətdə bir neçə komandir rota dəyişdi ki, onların komandirliyi hiss olunmadı. Biz özümüz vzvodlara təlim keçirdik. Silahımız yox idi. Ona görə mən fiziki hazırlığa çox üstünlük verirdim. Sovet ordusunda mən xüsusi təyinatlı dağ motoatıcı alayında xidmət etmişdim. Dağlıq yerlərdə döyüşmək üçün yüksək fiziki hazırlıq lazımdır.

Biz burada 20 günə qədər təlim keçdik. Bu vaxt ərzində 3-cü vzvoddan 176 nəfər gəlib getdi. Ancaq biz cəbhəyə gedəndə 3-cü vzvodun şəxsi heyəti 22 nəfər idi. Həmin vaxt 3-cü vzvodun şəxsi heyəti təxminən belə idi:

1.İsmayılov Mikayll
2.Rəhimov Camal
3.Fərmanov Sədi
4.Mustafayev Elşən
5.Dadaşov Mirələm
6.Ağayev Mehman
7.İsmayılov Şaməddin
8.Cəlilov Mahmud
9.Əzizov Əzizağa
10.Alıyev Ehtiram
11.Alxanov Asəf
12.İsgəndərov Rövşən
13.Həsənov Əfilağa
14.İbrahimov Sahib
15İbrahimov Polad
16.Cəfərov Şükür
17.Bayramov Oruc
18.Nuriyev Zöhrab
19.İsayev Asim
20.Niftalıyev Ağasəf
21.Qurbanov Akif
22. Məmmədov Asif…..

 

…Biz təlim mərkəzində iki dəfə avtomatdan atış keçirdik. Cəbhəyə getmək yaxınlaşırdı. Orada kapitan rütbəsində olan birisi dedi ki, mən hərbçi deyiləm, uşağım xəstədi, ona görə mən cəbhəyə gedə bilməyəcəm.

İyun ayının 13-də bizi keçmiş “Spartak” stadionuna gətirdilər. Müdafiə Nazirliyindən bir polkovnik gəlib çıxış etdi və baş leytenant İsgəndərov Rəhmanı bizə təqdim etdi.

Biz sonra Bünyad Sərdarova gəlib hazırlaşmağa başladıq. Bu zaman mən dedim ki, bu gün ayın 13-dür. Bir qədər müzakirədən sonra Alış dedi ki gecə saat 2-də çıxırsınız. Kim istəyir getsin evə, axşam saat 11-12 də burda olsun.

Yaxınlıqda park var idi. Saat 11-dən görüşməyə gedənlər yığışmağa başladılar. Həmin vaxt mən insanların hərbi formada olanlara necə mehribanlıq göstərmələrinin canlı şahidi oldum. Və biz axşam yol adüşüdük….

 

“QİSAS HİSSİ İLƏ MUROVU PİYADA ƏZMLƏ QALXIRDIQ”

 

….Burada çayın kənarında bir kafe var idi. Butün 1-ci rota burada günorta yeməyini yedi. Kafenin müdiri heç kimdən pul almadı.Doğrusu bu mənə təəccüblü gəldi ki bu gədər adam yemək yedi, heç kimdən pul almadı. Sonra mənə məlum oldu ki, bunların hamısı starşina Yusifin işi imiş.

Komandirimiz İsgəndərov Rəhmanın əmri ilə piyada Murov dağına qalxmağa başladıq. 3-cü vzvod sıraya düzülüb mahnı oxuya-oxuya dağı qalxmağa başladı. Hamı həvəslə yoxuşu yorulmaq bilmədən irəlləyirdi. Diqqətlə bu döyüşçülərə baxdıqda onların gözlərində kin, qəzəb və sevinc hiss olunurdu. Kin və qəzəb düşmənə qarşı köklənmişdi, sevinc isə torpaqlarımızı azad etmək üçün bir yerə cəm olmağaımızın, bir məqsəd uğrunda toprlanmağımızın görüntüsü idi. Hamı qisas hissi ilə əzmlə Murovu qalxırdı…

….Təxminən bir saat piyada getmişdik ki, kamaz maşını gəldi və biz ona minib Murov dağını aşdıq. Bir neçə kənd gəlmişdik ki, 701-ci briqadan bizim üçün gondərilən maşınlara minib Qılınclı kəndinə briqadanın ştabına gəldik. Burada bir xeyli vaxt galdıqdan sonra bizi zil maşınlarla yola saldılar. Həmin vaxt bizə bir nəfər mayoru da təqdim edib bildirdilər ki, bu zabit sizin həbi hissənin komandiridir. Bu mayor Əhmədov Süleyman idi. Biz gecənin qaranlığında sərt dolanbac yollarla tanımadığımız istiqamətdə yoıa düşdük…

 

II HİSSƏ

“Nə biləydim ki, günün birində…”

 

… Biz Üçtəpə təlim düşərgəsinə olanda Əfilağa ilə Mahmudu hardasa gördüyümü xatırlamağa çalışırdım. 1980-ci ildə mən orta məktəbi bitirəndən sonra Bakı politexnik texnikumuna daxil oldum.  O zaman mən Dərnəgül qəsəbəsində qalırdım. Boş vaxtlarımızda yaxınlıqdakı texniki-peşə məktəbinin meydançasında futbol oynayırdıq. Ora yaxınlıqdakı yataqxanalardan da uşaqlar gəlirdi. Tələbəlik illərindən yaddaşımda çoxlu xoş xatirələr qaldığı kimi bu və ya digər şəkildə ünsiyyətdə olduğum, birgə futbol oynadığım uşaqların da bir çoxunun siması hər zaman gözümün qarşısında olub. Üstündən illər ötsə belə xoş xatirələrimdə o insanlar mənimlə yol yoldaşı olublar. Amma nə biləydim ki, günün birində…

 

“Tale bizləri torpaqlarımızı azad etmək üçün bir komanda halında birləşdirmişdi”

 

 

Təlim düşərgəsində müəyyən hazırlıqlar keçəndən sonra bizi üstü çadırla bağlı Zil-131 markalı maşınlarla döyüş bölgəsi istiqamətinə yola saldılar. Tanımadığımız yollar bizə çox uzun gəlirdi. Bəlkə də bu, belə deyildi. Sadəcə olaraq, uşaqların içində olan el, oba, yurd sevgisi bizləri düşmən tapdağı altında olan Vətənimizi xilas etməyə tələsdirirdi. Və beləcə biz bu halımızla gəlib Kəlbəcər rayonunun  Zülfüqarlı kəndinə çatdıq…

 

Yol yorğunluğuna baxmayaraq hamı sanki döyüşə atılırmışcasına həvəslə maşından düşməyə başladı. Hər kəs özünə bir təhər yer düzəltdi. Gecələyəcəyimiz yer Zülfüqarlı kənd orta məktəbinin binası idi. Burada bir kiçik  hərbi qüvvə də var idi. Komandirlərinin də adı Allahverdi idi.

 

Sözün düzü kənd camaatı bizi çox mehriban qarşıladı. Hər bir vzvod ayrı-ayrılıqda yerlərini rahatlayıb ora yerləşdik. Zülfüqarlı kəndində biz hardasa bir həftədən artıq qaldıq.

 

Məktəb çayın qırağında çox gözəl bir yerdə idi. Məktəbin balaca futbol meydançası da var idi.  Orada olduğumuz müddətdə boş vaxtlarımızda futbol oynayırdıq…

 

Zülfüqarlı kəndində birinci dəfə futbol oynayıb qutaranda mən Əflağa və Mahmuda yaxınlaşıb Dərnəgüldə futbol oynamaq tarixçəmizi onlara xatırlatdım. Məlum oldu ki, biz 1980-81-ci illərdə bir yerdə futbol oynamışıq.  İndi tale elə gətirmişdi ki, üstündən 10-11 il ötəndən sonra daha futbol oynamaq üçün deyil,  yağı tapdağı altında olan Vətən torpağını mənfur düşməndən azad etmək üçün yenə bir komanda halındaydıq…

 

Rəşidin qarmonda ifası və xəyali toy səhnəsi

 

 

Bir gün dəqiq yadımda deyil, kənd camaatı,  yoxsa kolxozdan bizə 1 baş dana verdilər ki, kəsin yeyin. Dananı kəsib böyük bir qazanda bişirdilər. Bir də hər vzvoda ayrılıqda ət böldülər ki, özləri istədiyi kimi bişirsinlər. Ortalıqda yekə qazan qoyulmuşdu. Yeməyi Ağa hazırlayırdı. O, əyninə ağ xalat geyinib, əlinə də taxtadan olan böyük çömçə götürmüşdü. Hardansa bir qarmon da tapıb gətirdilər. Rəşid qarmonda çox gözəl Azərbaycan mahnıların ifa edirdi. İgidlər də musuqi sədaları altında rəqs edirdilər. Gözümün qabağına  azad edilmiş Laçınımızdakı toy səhnəsi gəldi. Fikirləşdim görəsən bizi qabaqda nələr gözləyir, başımıza nələr gələcək….

 

Əsil müharibə adamlarının davranışı və artan inam

 

 

Biz həmin günü gunortadan sonra Zülfüqarlı kəndindən 701-ci briqadanın ştabına getdik. Axşam gün batan vaxtı idi ki, Qılınclı kəndindən qayıtdıq. Mehman mənə yaxınlaşıb dedi ki, gəl gedək, yuxarı çayın kənarında səni gozləyirik. Soruşdum ki, nə məsələdi?  Mehman dedi ki, bəs bizim vzvoda verilən əti kabab bişirmişik, səni gözləyirik. Dedim ki, ola bilərdi mən gec gələrdim, həm də biz Rəhmanla evlərində yemək yemişik.  Mehman yenə də israrla vurğuladı ki, yox, onsuz da biz səni gözləyəcəkdik.

 

Mehmanla yuxarı çayın kənarına, 3-cü vzvodun kabab bişirdiyi yerə gəldik. Uşaglar balıq da tutub bişirmişdilər. Çox mehribanlıqla oturub yemək yeməyə başladıq…

 

Mən düzü çox sevinirdim, çalışırdım ki, bu sevinci büruzə verməyim. Uşaqlar arasında belə xoş münasibəti, belə mehribanlığı, belə birliyi, tikəni yoldaşla bölə bilmək səmimiyyətini, əsil döyüşçü nizam intizamını, əsil müharibə adamları kimi davranmanı görəndə tezliklə torpaqlarımızı alacağımıza olan inamım da anbaan artırdı.

 

“Laçına doğru səmt götürdük”

 

 

Nizam-intizamın hər zaman qarşılıqlı hörmət əsasında olmasını istəmişəm. Üçüncü  vzvodda da biz hamılıqla buna nail olmuşduq. Düşüncəmə görə belə birliyin qarşısında heç bir düşmən qüvvəsi tab gətirə bilməz. Həqiqətən də sonralar döyüşlərdə bunun şahidi olduq…

 

Bir neçə gündən sonra bizə silah verdilər. Hamı sevinirdi. Hamı ancaq Kalaşnikov avtomatı ilə silahlanmışdı. Ancaq müxtəlif istehsal və müxtəlif  kalibir, hər bir nəfərə bir avtomat darağı verilmişdi. Bütün bunlara baxmayaraq hamıda sevinc və fərəh hissi var idi.

 

Bizimlə Bakıdan Zibeydə adlı bir qadın da getmişdi, ancaq biz silahlanıb Laçına gedəndə o bildirdi ki, mən burada qalıram. O orada Allahverdinin kəşfiyyat qrupunda qaldı. Biz yenə də üstü çadırlı Zil-131 maşınları ilə Laçına doğru yola düşdük. Hava yağmurlu olsa da ətrafdan gözümüzü çəkməyərək çay qırağı yollarla irəliləyirdik…

 

(ardı var)

 

İGİD TEYMURLU

milletinsesi.az

Share: