Rafiq Əliyev dünyaca məşhur Azərbaycan alimidir. O, həyatını elmə, yeni kəşflərə, gənclərin ixtisaslaşmasına həsr edib. “Özümü alim hesab etmirəm” desə də, Lütfi Zadə irsinin ən böyük davamçısı və varisidir. Dünyanın tanınmış universitetlərində mühazirələr oxuyur, müxtəlif proqramlara rəhbərlik edir. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Avtomatlaşdırılmış İdarəetmə Sistemləri kafedrasının müdiridir. Bu gün onun 82 yaşı tamam olur.
Moderator.az olaraq dünyaca məşhur alim Rafiq Əliyevi çalışdığı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ziyarət etdik. Onun 82 illik ömrünə nəzər saldıq.
-Rafiq müəllim hər yaş insanın özü qarşısında bir hesabatdır. Bu gün 82 yaşınıza qədəm qoyursunuz. Geriyə boylananda özünüzə hesabatınız sizi qane edirmi?
– Mərhum şair, dostum Bəxtiyar Vahabzadə deyirdi ki, bir ondan razıyam ki, özümdən narazıyam. İstəyərdim ki, izləyicilər mənim fikirlərimi səmimi qəbul etsinlər. O pafoslu sözlər məni bir az “qıdıqlayır”. Sualınıza gəlincə isə geriyə boylananda elə də böyük bir iş görməmişəm. Bu yaşa qədər həyatımı adi insanlar kimi yaşamışam. O yerdə özündən razılıq başladısa, demək sən bitmisən. Mən hələ bitmək istəmirəm.
– 82 yaş insan ömrünün hansı mərhələsidir?
– Bu yaxınlarda bir məqalə oxudum, orada təəccüblü məqamlar var idi. Məqalədə qeyd edilir ki, ən məhsuldar yaş 50-60 arasındadır. 60-la 70-in arasında produktivlik çox olmasa da, sanballı nəticələr daha çoxdur. 70 yaşdan yuxarı ola bilər ki, sənin nəticələrin azalsın, ancaq sanbalın yüksəlsin. Mən onu demək istəmirəm ki, nəsə sanballı iş görmüşəm. Amma mərhələlərə bölmək də şərtidir. Bircə onu deyə bilərəm ki, 30-40 il necə çalışırdımsa həmin iş rejimini bu günə qədər də qoruyub saxlamışam. Misal üçün, axşam saat 2-dən tez yatmıram. Çünki elmdə bir ay fasilə etmək özü bir intihardır. Bir ay unutsan, onu bərpa edə bilməyəcəksən.
-“Elm və təhsilin inkişafı üçün sosial sifariş olmalıdır” – bu, sizin fikirlərinizdir. Bu fikirləri Azərbaycana aid etsək, vəziyyəti necə təsvir edərsiniz?
– Elmin öz qanunu var, elmə başqa qanunlar təsir etmir. Elmi siyasiləşdirmək olmaz. Hər hansı bir ölkədə o ölkənin ümumi daxili məhsulundan 2 faizdən aşağı elmə maliyyə ayrılırsa, həmin elm o ölkənin iqtisadiyyatına təsir edir. Bu, bizim ölkəmizdə 0.2, 0.15, heç bir faiz də olmayıb. Bu gün 0,15-dir. Həmin dediyim rəsmi informasiyaya görə, dünya ölkələri siyahısında ən axırdan, sağdan üçüncü yerdədir.
Bu elmə olan münasibətdir. Təhsilə olan münasibət belədir ki, həmin rəsmi məlumatda ümumi daxili məhsuldan bir tələbənin hazırlanmasına ayrılan maliyyəyə görə Azərbaycan bütün dünya ölkələrindən lap axırdadır. Bayaqkı sıralamadakı kimi iki- üç ölkə sağa deyil.
– Səbəb nədir?
– Ramiz Rövşənin bir şeiri var.
-Ağ üzünə çıxacağıq, qara neft qurtaranda… O neft bizi bir az tənbəlləşdirdi. Allahın altında neftin əvəzində yerin üstündəki insanlarda olan zəka bizdə olaydı. Onda yerlərimiz siyahıda lap əvvəllərdə olardı. Onda elmə sosial sifariş olacaqdı. Sizin sualınızın cavabı budur. Bütün bəşəriyyətin inkişafı dövründə bəşəriyyəti problemlərdən elm çıxarıb. Çətin vəziyyətlərdə dünyanı nə ədəbiyyat, nə də musiqi çıxarmayıb. Hamının gözü o an elm xadimlərində olur. Misal üçün, dünyanı koronovirus kimi bir bəla əhatə etdi. O zaman çağırardınız Ronaldonu, Messini, sizi xilas edəydi, vaksin yaradaydı. Sosisal sifariş buna deyirdim.
-Xaricdə yaşayan bəzi alimlər Xankəndi Universitetində dərs demək arzusunda olduqlarını deyiblər. Sizin də töhfəniz olacaqmı?
-Mən orada hansı ixtisasların olacağını bilmirəm. Millət, xalq üçün orada universitetin olması önəmli hadisədir. Mənim ən böyük arzum odur ki, millətimin imzası imzalar içində olsun. Demirəm ey Oxfort, Harvard olsun. Heç olmasa, 30, 40-cı yerdə olsun, amma dürüst, təmiz dünyaya çıxa bilən bir universitetimiz olsun. Ən böyük arzum budur.
-Hazırda işğaldan azad olunmuş torpaqlarda “Ağıllı kənd” layihəsi icra edilir. Sizcə, bu layihə Azərbaycanın gələcəyi üçün nə vəd edir?
– “Ağıllı şəhər, ağıllı kənd”, süni intellekt mənim sahəmdir. 3 il bundan qabaq Kembric Universitetində böyük bir elmi konfransda mənim məruzəm olmuşdu. Deyək ki, dünyada da elə məşhur bir “Ağıllı şəhər” layihəsi yoxdur. Varsa da mən tanımıram, sadəcə elementləri var. Məsələn, işığı vaxtında söndürmək, onlayn qoşulmaq var. Həmin texnologiyaları bura gətirmək də çox yaxşıdır. Bu qədər…
-Ötən həftə belə bir xəbər oxudum ki, insanın beyninə ilk dəfə çip yerləşdirilib. Bu kimi elmi inqilablar, sizcə, bəşəriyyəti hara aparır?
– Çingiz Aytamtovun “Əsrdən uzun gün” romanında belə bir ideya var idi. Hər zaman demişəm, bu gün də israrla deyirəm ki, istənilən elmdə hətta aqrar elmdən tutmuş fizikanın ən müasir sahələrinə qədər elmdə açar olmasa, o elm bəşəriyyəti fəlakətə sürükləyəcək.
– Bu nə deməkdir?
-Xirosima və Naqasakiyə atom bombası atanda Eynşteyn sağ idi. O demişdi ki, mən bilsəydim nəzəriyyəm bu məqsədlə istifadə ediləcək bunu yaratmazdım. Bu gün süni intelelkt atom silahından, hidrogen bombalarından daha fəlakətlidir. Əgər süni intellektin inkişafı üçün hara qədər bunu inkişaf etdirmək olarç orada dayanmalıyıq.
Sizə tam məsuliyyətlə deyirəm, o dəmir məndən 100 dəfə ağıllı olacaq. O daha dərin öyrənə bilir, nəinki mən. Bir səhvi edəndə ikinci dəfə etməməyə çalışırıq. Amma dəmir onu çox dərin öyrənir. Onun yaddaşı bizmkindən min dəfə çoxdur. Bizdə də trilyon neyron var, onların hansından istifadə edə bilərik ki? Amma dəmir edə bilir. Dünyada ən qorxulu şey robotların üsyanıdır. O komandanı daha ağır verəcək. Siz elə bilirsiniz ki, bunlar fantaziyadır?
-Deyil?
– Allah eləməsin, biz o günləri görək. Avropa ittiffaqı 20 gün bundan qabaq qərar qəbul etdi ki, süni intellekt insana hara qədər təsir edə bilər, onu dayandırmaq lazımdır. Buradan o tərəfə getmək olmaz.
-İlon Mask deyib ki, insanlar insani fəaliyyətlərə yaxın olan peşələri seçməlidirlər. O zaman süni intellektin gəlişi onlara qorxulu olmayacaq. Bu peşələr, sizcə, hansılardır?
– Bəs, atom bombasını yaradan kimdir? 270 kq yük daşıya bilən 4 gözü olan robotları yaradan kimdir? İndi elə bir zəmanədə yaşayırıq ki, kimə deyə bilərsiniz ki, bu peşələri seçməyin. Söhbət ondan gedir ki, o robotu o qədər ağıllı etmək lazım deyil. Elm adamının qabağında məsələ qoyulsun ki, sən nəzəriyyəni elə yarat ki, insanın fəaliyyətinə, etik münasibətlərə, insan haqlarına təsir etməsin. Məsələ belə qoyulmalıdır. Yoxsa sən get ancaq humanitar sahələri seç, bununla heç nə əldə etmək olmaz.
-Müsahibələrinizin birində qeyd etdiniz ki, Ağdam mənim qibləgahımdır. Ağdamda nəyiniz qaldı?
-Ağdamda ancaq mənim xatirələrim qaldı. Ora yenidən qurulacaq, tikiləcək, amma o mənim Ağdamım olmayacaq. Xəyallarımdakı Ağdam olmayacaq. Bunu əvvəllərdə demişəm, artıq qəbul etmişəm. Dünyanın ən nüfuzlu universitetlərində mühazirələr oxumuşam, dünyanın müxtəlif ölkələrində olmuşam. Oxuduğum 2 mərtəbə yarım olan o Ağdam 1 nömrəli məktəb mənim üçün hər şeydən əzəmətli idi. Mən nə tapmışam o məktəbdə tapmışam. Mən o müəllimlərimə minnətdaram. O, mənim üçün hər bir şeydir.
Vətən doğulduğun komadan başlayır. Sənin vətənin doğulduğun o komandan başlayır. Əfsuslar olsun ki, mən öz komamı tapa bilmirəm. Torpağımda o qədər vəhşiliklər, vandalizm olub ki… Qibləgahımı o vəziyyətdə görmək istəməzdim.
– Ağdamda mənə məktəbimizin yerini göstərdilər. İndi onun yerinə yaxşı məktəb tikiblər. Amma… Bilirsiniz?…
– Ən böyük arzularımdan biri həmin o müəllimlərimin sağ olmasıdır. Təhsil nazirlərindən biri mənə dedi ki, təhsildə islahatlar aparmaq üçün bizə 6 milyon pul ayırıblar. Fikirləriniz nədir? Haradan başlayaq? Dedim heç bir fikrim yoxdur. O köhnə müəllimləri qaytarın, heç nəyə ehtiyac yoxdur. O vaxt repetitorluq deyə bir şey yox idi. Dərsdən sonra müəllimlər gəlir, bizi də məcbur edirdi ki, gəlin məsələləri birlikdə edək. Mən Ağdamda o müəllimləri görmüşəm. Onlar çox istedadlı, şair ruhlu idilər.
-Şair demişkən, Ramiz Rövşənin şeirlərini qeyri-səlis adlandırmısınız. Onun şeirlərinin ki həqiqət dəyəri üzdədir.
-Birinci qeyri-səlis məntiq Bəxtiyar Vahabzadənin yaradıcılığında da var idi. Kamal Abdullanın yaradıcılığında xeyli qeyri-səlis məntiq var. Ramiz Rövşən tam metafizik şairdir. O da Hüseyn Caviddən gəlmədir. Metafizik nə yerdədir, nə də göydə…
-Ramiz Rövşən deyir ki:
Ən qorxusuz yoldasan indi,
Dünyanın ən təmiz ağ donundasan.
Bircə Allah bilir hardasan indi,
Ömrün əvvəlində ya sonundasan.
Bu metafizikdir, yoxsa qeyri-səlis məntiq?
Kamal Abdulla deyir ki, o nə ölü idi, nə diri idi. Aristotel deyir ki, o ya ölüdür, ya diri.
Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?
Ruhum dur yığış gedirik,
Sən yuxarı mən aşağı.
Nə var Allahdan yuxarı, demək, o haradadır bilinmir. Allah ən birinci bizim qəlbimizdədir. O da deyir sonsuzdur. Ramizin şeirləri qeyri- səlis məntiqdən də yuxarıdır.
-Sizcə, yeni texnologiyalar insanların qeyd etdiyiniz bax bu hisslərinə də toxuna biləcəkmi? Axı indi sevgilərin də ömrü qısalıb.
-Sevgi qorxudur. Vallah qorxudur.
-Nədən qorxmaqdır?
-Söhbət əsl sevgidən gedir. İnsan övladının müxtəlif hissləri olsa da, hamısında qorxu hissi var. Qorxursan ki, sənin üçün ən əziz vacib olan bir şeyi itirəsən. Əgər sevgi qorxuya çevrilmirsə, o, sevgi deyil. Yalandan deyirlər ey canım da sənə qurbandır. Amma həqiqətən də canı da sənə qurbandırsa, o sevgidir. Orada artıq qorxu var, çünki sən o sevdiyin adamı itirə bilərsən. Müəyyən yaşa çatanda övladınızı özünüzdən çox istəyirsiniz.
Mənə bilirsiniz nə maraqlıdır? Niyə televziyalarımız Azərbaycan kişisini, qadınını bu vəziyyətə salır? Bəyəm, indi əxlaqı, dünyagörüşü ilə örnək ola bilənlərimiz yoxdurmu, gərək kanallarda bir- biri ilə yarışa girib özlərini biabır edələr? Bu şeylər hər zaman var, dünyada da, Azərbaycanda da. Amma indi texnologiyalar inkişaf etdi. Bizim dövrümüzdə Youtube, Tv yox idi.
Qızım, iki ərazi var, biri coğrafi ərazidir, biri də mənəvi. Allaha şükürlər olsun ki, 30 ildən sonra da olsa, coğrafi ərazini bərpa edə bildik, mənəvi ərazimiz işğaldadır. Onu bərpa edə biləcəyikmi, bunun üçün neçə il lazımdır?!
Xəyalə Rəis
Moderator.az-ın baş redaktoru